Azərbaycanda müxalifətdə olan Müsavat və Respublikaçı Alternativ (REAL) Partiyaları noyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə deputalığa namizədlərini elan edib.
Müsavat Partiyasının məlumatına görə, iyulun 8-də partiyanın Divanı (İdarə Heyəti-red.) 27 seçki dairəsi üzrə deputalığa namizədlərini elan edib. Namizədlər arasında bu partiyanın sədri İsa Qəmbərin və Məclisin sədri Arif Hacılının adları yoxdur. Bununla yanaşı, namizədlər arasında bu partiyanın aparatının rəhbəri Gülağa Aslanlı, Məclisin keçmiş sədri Nüşabə Sadıxlı var.
Partiyanın məlumatında bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.
REAL Partiyasının Siyasi Komitəsi isə 13 seçki dairəsi üzrə bu partiyanın namizədlərini elan edib. Namizədlər arasında partiyanın lideri İlqar Məmmədov, siyasi komitənin üzvü Natiq Cəfərli, əvvəlki çağırış Milli Məclisin deputatı Erkin Qədirli, vəkil Rəsul Cəfərov, memar Elçin Əliyevin və digərlərinin adı var.
Deputatlığa namizəd kimi seçki dairəsində qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülən şəxslər təmsil olunduğu seçki dairəsindən 400 seçicinin imzasını toplamalıdır.
Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.