İsraildə hökumətə təzyiq aksiyası keçirilib

Etirazçılar bazar günü İsrail boyu küçələrə axışaraq, hökuməti Qəzzada hələ də saxlanılan girovları geri qaytarmaq üçün razılığa gəlməyə çağırıb.

Onlar ölkənin əsas kəsişmələrində nəqliyyatın qarşısını kəsib, siyasətçilərin evləri qarşısında toplaşıb və polis yolu təmizləməzdən əvvəl əsas Tel-Əviv-Qüds magistralında qısa müddətə təkərləri yandırıblar.

Bu arada, Qəzzada döyüşlər davam edib və İsrail şimaldan Livanda İranın dəstəklədiyi Hizbullah tərəfindən raket hücumuna məruz qalıb.

Hava hücumu sirenləri İsrailin 24 şəhərinin sakinlərini sığınacaq axtarmağa məcbur edib. Polisin verdiyi məlumata görə, bir nəfər ağır yaralanıb.

Hizbullah ordu bazasına raket zərbələri endirib.

Qəzzada Fələstin səhiyyə rəsmiləri bildiriblər ki, bazar günü İsrail hərbçilərinin ayrı-ayrı hücumları nəticəsində ən azı 15 nəfər ölüb. İsrailin Qəzzanın mərkəzindəki Zaveyda qəsəbəsində bir evə endirdiyi hava zərbəsi nəticəsində ən azı 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb, Qəzzanın qərbində bir evə endirilən hava hücumunda isə 6 nəfər ölüb, səhiyyə rəsmiləri bildirib.

Tanklar Misirlə cənub sərhədində yerləşən Rəfahın mərkəzi və şimal bölgələrində reydləri dərinləşdirib. Oradakı səhiyyə rəsmiləri şəhərin şərq hissəsində İsrailin açdığı atəş nəticəsində öldürülən üç fələstinlinin cəsədini çıxardıqlarını bildiriblər.

İsrail ordusu bazar günü bildirib ki, onun qüvvələri ötən gün yaxın döyüşlər və hava hücumları zamanı Rəfahda 30 fələstinli silahlını öldürüb.

Qəzza şəhərinin şərq ətrafı olan Şecayada ordu qüvvələrinin bir neçə fələstinli silahlını öldürdüyünü bildirib.

HƏMAS və İslami Cihadın silahlı qanadları bildiriblər ki, döyüşçülər Qəzza zolağının bir neçə nöqtəsində İsrail qüvvələrinə tank əleyhinə raketlər və minaatanlarla hücum ediblər.