Freedom House təşkilatının bazar ertəsi yaydığı “Niyə Dağlıq Qarabağda erməni yoxdur?” hesabatının ilkin xülasəsində Azərbaycan hərtərəfli strategiya ilə Qarabağı etnik erməni əhalidən və onların tarixi-mədəni irsindən boşaltmaqda günahlandırılır.
Geniş versiyasının yaxın gələcəkdə dərc ediləcəyi bildirilən hesabatın 2023-cü ilin noyabr ayından 2024-cü ilin may ayınadək olan dönəmdə həyata keçirilən faktaraşdırıcı missiyanın topladığı ilkin və ikinci dərəcəli məlumatlar, habelə Qarabağın 71 yaşayış məntəqəsindən olan 330-dan artıq sakinlə müsahibələr əsasında hazırlandığı qeyd edilir.
Hesabat müəllifləri 2020-ci ildəki 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanatdan 2023-cü ilin sentyabrındakı əməliyyatlardək olan dönəmdə Qarabağ ermənilərinin vəziyyətini araşdırır, mülki əhalinin bu dönəmdə hücumlar və təhdidlərə məruz qaldığını, təbii qaz xəttinin Azərbaycan tərəfindən tez-tez kəsildiyini, 2022-ci ilin dekabrında Laçın dəhlizində hərəkətin məhdudlaşdırılması ilə 9 aylıq blokadanın həyata keçirildiyini və nəhayət 2023-cü ilin sentyabrındakı əməliyyat nəticəsində Qarabağ ermənilərinin evlərini tərk etməyə məcbur edildiyini yazır.
“Fakt-araşdırıcı missiya 2020-ci ildən 2024-cü ilin may ayına qədər davam edən hadisələr zamanı Azərbaycan rəsmiləri tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması, beynəlxalq humanitar hüququn və beynəlxalq cinayət hüququnun pozulması, habelə beynəlxalq hüququn icraedici normalarının ciddi şəkildə pozulması hallarını sənədləşdirib”, hesabatın yekununda vurğulanır.
Freedom House təşkilatının hesabatına münasibət bildirən Azərbaycanın Qərbi Azərbaycan İcması birliyi hesabatı “anti-Azərbaycan” adlandırıb və hesabatın sifarişçilərinin regionda sülhə mane olmaq, ədavəti qızışdırmaq məqsədi güddüyünü qeyd edib.
“Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur,” icmanın bəyanatında vurğulanır.
Ermənistan və Azərbaycan arasında Sovet İttifaqı dağılandan bəri beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan və əhalisinin əksəriyyəti etnik ermənilərdən ibarət Qarabağ bölgəsində, o cümlədən ətraf rayonlarda son 30 ildə iki müharibə baş verib.
1994-cü ildə atəşkəs rejimi qüvvəyə mindikdə Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Ermənistan hərbi qüvvələrinin dəstəyi ilə etnik erməni qüvvələrinin nəzarətinə keçib. 2020-ci ildə Azərbaycan Ermənistan qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsinin bir hissəsinə və ətraf rayonları geri alıb.
2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyat nəticəsində Bakı regiona tam nəzarəti ələ keçirdikdən sonra 100 minə yaxın etnik erməni Qarabağı tərk edərək Ermənistana üz tutub.
Ermənistan Azərbaycanı Qarabağda “etnik təmizləmə” aparmaqda günahlandırıb.
Rəsmi Bakı bugünədək “etnik təmizləmə” ilə bağlı ittihamları qəti şəkildə rədd edib, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bildirib.