Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 69 əməkdaşının işini araşdırır

Son il yarımda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin birinci yarısında isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

“2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib”, məlumatda qeyd edilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq vətəndaşların yekun tibbi müayinəsi iyulun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir.

“Bu da korrupsiya hallarının qarşısının alınması, obyektivliyin təmin edilməsi və şəffaflığın artırılmasında daha da müsbət nəticələr verəcəkdir”, məlumatda qeyd edilir.

Hərbi ekspert Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi islahatlara və ixtisarlara ehtiyac var:

“Bir neçə nəfərin həbsi ilə islahat aparmaq mümkün deyil. Həbslər bu sistemdə çox xırda işlərdir. Bu sistem əslində Sovet dönəmindən qalan hərbi komissarlıqdır. Hərbi komissarlıq sistemi təkmilləşdirilmədi, sadəcə adı dəyişdirildi. O qurumda həddindən artıq şişirdilmiş ştatlar var. Bu ştatlar yarıyadək ixtisar edilməlidir”, o qeyd edib.