ABŞ prezidenti Co Bayden Ali Məhkəmənin keçmiş prezident Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək səyləri ilə bağlı prosesdə prezidentlərə vəzifədə olarkən etdikləri rəsmi əməllərə görə təqibdən toxunulmazlıq verən qərarını tənqid edib.
"Heç kim qanundan üstün deyil, hətta ABŞ prezidenti belə" - deyə, Bayden bazar ertəsi axşam Ağ Evdən çıxışı zaman bildiribı.
Bayden prezident səlahiyyətlərinin hüdudlarına hörmət etməyə davam edəcəyinə söz verib, lakin gələcək prezidentlərin bunu etməyə biləcəyi barədə xəbərdarlıq edib.
"İstənilən prezident, o cümlədən Donald Tramp indi qanuna məhəl qoymamaqda azad olacaq", Bayden deyib.
Prezident məhkəmə qərarının "son illər dövlətimizdə çoxdan formalaşmış geniş hüquq prinsiplərinə qarşı silsilə hücumların" sonuncusu olduğunu deyərək, qərarlar arasında abort və vətəndaş hüquqları dövründə səsvermə qanunlarına istinad edib.
Birləşmiş Ştatların Ali Məhkəməsi bazar ertəsi qərar verib ki, keçmiş prezident Donald Tramp 2020-ci ildə yenidən seçilmək üçün rəqabət apardığı seçkilərdə məğlubiyyətdən yayınmaq üçün vəzifədə olarkən hər hansı rəsmi əmələ görə mühakimə olunmaqdan immunitetə malikdir, lakin qeyri-rəsmi hərəkətlərə görə mühakimədən immunitetə malik deyil.
Məhkəmənin səlahiyyətlərini icra etdiyi hazırkı müddətinin son günündə verilən qərar Trampın Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizəd olduğuna və 2020-ci ildə onu məğlub edən Demokrat prezident Co Bayden ilə yenidən qarşılaşacağı 5 noyabr seçkilərindən əvvəl mühakimə olunmayacağına zəmanət verir.
ABŞ-ın hüquqi qanunlarının əsasında heç kimin qanundan üstün olmadığı, hamının eyni azadlıqlara malik olduğu, lakin qanunları pozduğuna görə hər kəsin cinayət təqibinə məruz qala bildiyi prinsipi durur.