ABŞ müdafiə naziri Lloyd Austin Ukraynanın müdafiə naziri Rustem Umerov ilə danışıqlar keçirəcək

ABŞ müdafiə naziri Lloyd Austin çərşənbə axşamı Ukraynanın müdafiə naziri Rustem Umerov ilə danışıqlara ev sahibliyi edəcək.

Pentaqonun sözlərinə görə, ABŞ Ukraynanın təhlükəsizliyinə dəstəyini nümayiş etdirəcək. Danışıqlar ABŞ-ın NATO sammitinə ev sahibliyi etməzdən bir həftə əvvələ təsadüf edir. Görüş zamanı Rusiyanınmüdaxiləsindən müdafiə üçün Ukraynaya hərbi dəstəyin gündəmə gətiriləcəyi gözlənilir.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bazar ertəsi jurnalistlərə deyib ki, Austin və Umerov ikitərəfli müdafiə əməkdaşlığı, regional təhlükəsizlik məsələləri, ABŞ və Ukrayna arasında müdafiə tərəfdaşlığının gücləndirilməsi yollarını müzakirə edəcək.

ABŞ Dövlət katibi Antoni Blinken də çərşənbə axşamı Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Andriy Yermakla danışıqlara ev sahibliyi edir.

Birləşmiş Ştatlar Rusiyanın tammiqyaslı müdaxiləyə başlamasından bəri iki ildən artıq müddətdə Ukraynanın ən böyük dəstəkçisi olub.

ABŞ Konqresindəki siyasi böhran fonunda bir neçə ay dayanan ABŞ hərbi yardımı yenidən Ukrayna qüvvələrinə çatdırılır.

Zelenski bazar ertəsi axşam videomüraciətində deyib ki, o, bu ayın “Ukraynaya daha çox güc, xüsusən də səmamızı qorumaq və ölkəmiz üçün real təhlükəsizliyə nail olmaq üçün əlavə dəstək gətirəcəyini” gözləyir.

“Uzunmənzilli silahlar, kifayət qədər keyfiyyət və kəmiyyətə malik döyüş təyyarələri və daha çox hava hücumundan müdafiə sistemləri bu müharibənin bütün gedişatına təsir edən həlledici amillərdir”, - deyə Zelenski bildirib.

Rusiyanın Ukrayna şəhərlərinə qarşı hər gün raket və pilotsuz təyyarələrlə hava hücumları Zelenskini daha çox raketdən müdafiə sistemləri axtarmağa və Ukrayna qüvvələrinin istifadə etməsi üçün döyüş təyyarələrinin çatdırılmasını sürətləndirməyə sövq edib.

Ukrayna həmçinin yerli hücum dronlarının istehsalını gücləndirməyə çalışır və xüsusilə Ukrayna-Rusiya sərhədi boyunca yerləşən əraziləri hədəf alaraq öz hava hücumlarını həyata keçirir.

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Ukraynaya məxsus 4 pilotsuz təyyarə Bryansk vilayəti üzərində, 4 pilotsuz təyyarə Belqorod vilayəti üzərində və daha 3 pilotsuz aparat Rusiya tərəfindən işğal olunmuş Krım üzərində vurulub.