Cenevrədə yerləşən "Progress & Change Action Lab" qeyri-kommersiya məsləhət qrupunun yaydığı məlumatda deyilir ki, azərbaycanlı hüquq müdafiəçisi Azərbaycanda repressiyalara son qoyulması üçün birgə kampaniyaya başlayıb.
"Anar Məmmədlinin adı altında gücləri birləşdirən kampaniya Azərbaycanda siyasi məhbuslara və daimi repressiya mühitinə diqqəti artırmağa yönəlib" - məlumatda deyilir.
Bəyanatda bildirilir ki, kampaniyanın məqsədi Azərbaycandakı həbslərə son qoyulması, həbsdəki jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının azad edilməsidir.
Kampaniya Azərbaycanın "COP29" iqlim dəyişikliyi ilə bağlı tədbirə ev sahibliyi etməyə hazırlaşdığı ərəfədə başladılıb.
Kampaniyanı başladanlar "AbzasMedia", "ToplumTV" və "Kanal 13" jurnalistlərinin, Demokratik Təşəbbüslər İnstitutu və meclis.info kimi qeyri-hökumət təşkilatlarının, "III Respublika Platforması" kimi siyasi qrupların fəallarının həbsinə diqqət çəkir.
"Anar Məmmədli məşhur demokratiya və insan hüquqları müdafiəçisi, "COP29" ərəfəsində İqlim Ədalət təşəbbüsünün təsisçilərindən biridir. Onun həbsi "COP29" ərəfəsində davam edən repressiyaların simvoludur", deyə "Progress & Change Action Lab"ın məlumatında deyilir.
Təşəbbüs qrupu bildirir ki, "COP29"un təşkilatçısı olan ölkə kimi Azərbaycan tədbiri vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq da daxil olmaqla, UNFCCC-nin (Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi haqqında çərçivə konvensiası) əsas tələblərinə uyğun şəkildə təşkil etməlidir.
"Hesab edirik ki, hazırkı mərhələdə Azərbaycan "COP29"da açıq dialoqa şərait yaratmaq üçün, beynəlxalq və milli vətəndaş cəmiyyətinin tam iştirakını təmin etmək və ya UNFCCC-nin tələb etdiyi kimi, "konfransın hamı üçün təhlükəsiz və etibarlı keçiriləcəyi bir yer" təklif etmək üçün şərtlərə uyğun deyil. COP29-un əsas mövzusu iqlim məsələləri olsa da, qəbul edən ölkə 2023-cü ilin sentyabrından inkişaf və demokratiya məqsədilə yardımı bloklayıb və 2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq maliyyələşməyə çıxışını kəskin şəkildə məhdudlaşdırıb".
Kampaniya təsisçiləri qeyd edirlər ki, "COP29" iştirakçıları "COP29" qəbul edən tərəfin öhdəliklərini açıq şəkildə pozmasını aradan qaldırmalı olacaq.
Məlumatda kampaniyanın azərbaycanlı hüquq müdafiəçiləri adından "Progress & Change Action Lab" tərəfindən idarə olunduğu qeyd edilir.
Azərbaycan dövləti hələlik kampaniya ilə bağlı mövqe bildirməyib. Azərbaycan rəsmiləri isə müxtəlif zamanlarda bu cür çağırışları və tənqidləri "Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə" kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.