Baydenin debatdakı performansı Demokratların onun qələbə şansları ilə bağlı panikasına səbəb olub

ABŞ Prezidenti Co Bayden.

Baydenin müttəfiqləri hər şeydən əvvəl 81 yaşlı Demokratın fiziki və zehni qabiliyyəti ilə bağlı sualları yatırmaq üçün onun cümə axşamı debat səhnəsində güc və enerji sərgilməsini istəyirdi.

Ancaq Bayden ABŞ siyasətindəki ən böyük səhnədə onların sadə gözləntilərini doğrultmadı.

90 dəqiqəlik debatın sonuna doğru isə Demokrat prezidentin müttəfiqləri - partiya strateqləri və sıravi seçicilər – kəkələmələr, narahatedici fasilələr və çox vaxt başa düşülməsi çətin olan sakit danışıq tərzi ilə dolu debat performansından sonra panikaya düşüblər.

Demokratlar ictimai şəkildə və məxfilikdə payızda 78 yaşlı sabiq Prezident Donald Trampa qarşı rəqabət aparacaq namizəd olaraq partiyanın onu əvəz etməli olub-olmadığını sual ediblər.

“Hazırda qəlbi qırılan tək mən deyiləm. Bu gecə bunu izləyən və Co Bayden üçün dəhşətli hisslər keçirən çox sayda insan var,” keçmiş Demokrat Senator Kler MakKaskil MSNBC-yə bildirib. “Mən bunu düzəltmək üçün nəyinsə edilə bilib-bilməyəcəyini bilmirəm.”

Hələlik Baydenin üzləşdiyi ən böyük sual zərərin qalıcı olub-olmamasıdır. Bir çox seçici hələ ki, diqqətlərini dörd ay sonra keçiriləcək seçkiyə yönəltməyiblər. Prezident və onun müttəfiqlərinin reklam və rəqabətli ştatlardakı infrastruktura xərcləmək üçün hələ ki, milyonlarla dolları var.

Və namizədlərin sərt keçən debat performanslarından sonra yenidən sıçrayış əldə etmələri kimi presedentlər mövcuddur. Belə ki, Barak Obama da 2012-ci ildə Mitt Romni ilə qeyri-bərabər debat qarşılaşmasından sonra sıçrayış etmişdi. Demokrat Con Fetterman isə insult keçirəndən bir neçə ay sonra debatda çətinlik çəkməsinin ardınca 2022-ci ildə Respublikaçı rəqibini məğlub etmişdi.

Baydenin 2024-cü il seçki kampaniyası seçicilərin zəif etimad reytinqi olan 81 yaşlı siyasətçini o anda dəstəkləyəcəklərinə dair ümidə arxalanıb. Buna baxmayaraq, Baydenin komandası onun, dörd il öncə olduğu kimi, Trampın Ağ Evə qayıtmasının qarşısını almaq mövqeyində olduğunu təkid edib.

Onlar uzun zamandır Baydenin qalib gələn siyasi koalisiyasının Trampın xaotik liderliyini kifayət qədər xatırlatdıqdan sonra nəhayət Demokrat prezidenti qəbul edəcəyini proqnozlaşdırırdılar. Lakin Baydenin həyəcan yaratmayan debat performansından sonra belə bir inamın olduğuna dair çox az işarə var.

“Yavaş başladı. Bu hər kəs üçün aydındır. Mən bunu mübahisə etməyəcəm,” Vitse-prezident Kamala Harris debatdan sonra CNN-ə deyib. “Mən noyabrdakı seçimdən danışıram. Mən bizim kollektiv həyatımızdakı ən vacib seçkilərdən birindən bəhs edirəm.”

Baydenin təmsilçiləri Atlantada debatdan sonra jurnalistlərin toplaşdığı otağa çox yavaş daxil olublar, onlar, böyük ölçüdə, mətbuatın sullarından yayınıblar. Onlar bunun əvəzinə Trampın debat zamanı irəli sürdüyü yanlış iddialara etiraz ediblər. Tramp, başqa şeylərlə birlikdə, 20021-ci ilin yanvarın 6-da Kapitoliyə hücum edənlərdən üz döndərməyib.

Baydenin Atlantadakı ən görkəmli dəstəkçisi, və potensial gələcək prezidentliyə namizəd, Kaliforniya qubernatoru Qavin Nyusom Demokratları panika etməməyə çağırıb.

“Məncə, bu yardım etmir. Məncə buna ehtiyac yoxdur. Biz davam etməli və başımızı uca tutmalıyıq,” Nyusom MSNBC-yə müsahibəsində deyib. “Biz bu prezidentin arxasında durmalıyıq. Təkcə bir performansa görə arxanı çevrimək olmaz. Hansı partiya bunu edir?”

Ancaq Demokartlar partiyanı açıq şəkildə Baydenə alternativ tampağa çağırmağa başladığı bir vaxtda, narahatlığa dair əlamətlər görünür. Bəzi partiya rəsmiləri Obamanın kampaniya müşaviri Ravi Quptanın sosil mediada paylaşdığı yazıya işarə edib.

“Mənim tanıdığım hər bir Demokrat bunun pis olduğunu yazır,” Qupta X-də bildirib. “Bunu açıq şəkildə deyin və konvensiyada seçim prosesi üçün yer yaratmaq işinə başlayın. Mən Trampdansa cəsədə səs verərəm, amma bu, intihar missiyasıdır.”

Demokratlar partiyasının hazırkı qaydaları altında Baydenin yardımı olmadan və ya partiya rəsmiləri avqustda keçiriləcək milli konvenisyada qaydaları dəyişmədən Baydeni əvəz etmək çox çətin, bəlkə də hətta, qeyri-mümkün olacaq.

Prezident ştatlarda keçirilən praymeriz prosesində Demokrat deleqatların böyük coxluğunu qazanıb. Partiya qaydalarında da deyilir ki, “Prezidentliyə namizədə səs vermək üçün milli konvensiyaya seçilən deleqatlar tam vicdanla onları seçənlərin hisslərini əks etdirməlidirlər.”

Bu arada isə Respublikaçılar Baydenin zəif çıxışı səbəbilə həyəcanlanıblar. Ancaq Trampın kampaniyasının həmsədri Demokratların Baydenin əvəzinə başqa birini nominasiya etməyə çalışacaqlarına dair söz-söhbətə məhəl qoymayıb.

“X-də o qədər çox siyasi ekspert var ki, mən əminəm ki, biz növbəti bir neçə gündə onların hamısından nə isə eşidəcəyik, çünki onlar çox sayda kampaniya yürüdüb,” Trampın kampaniyasının baş məsləhətçisi Kris LaSivita istehza ilə deyib. “Amma bunun baş verməsinin yeganə yolu, Co Baydenin könüllü olaraq geri çəkilməsidir ki, o da bunu etməyəcək,”

Cümə axşamı keçirilən debat yaxın gələcəkdə seçicilərin ağıllarına həkk olunacaq. Belə ki, Bayden və Trampın növbəti debatı 75 gün sonraya təyin olunub.