Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

Azərbaycan Ordusu parad zamanı

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanınına əsasən qeyd edilir. Ölkədə iş günü deyil.

Bu gün paytaxt Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərlərində, həmçinin rayonlarda müxtəlif mərkəzi küçə və prospektlərdə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların nümunəvi yürüşləri keçirilib.

Bu il Silahlı Qüvvələr Günü münasibət ilə Azərbaycan Prezidentinin sərəncamı ilə 130-dan çox hərbçi orden və medallarla təltif edilib, yüksək hərbi rütbələrə layiq görülüb.

Prezident Əliyev bir hərbçiyə isə döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Milli Qəhrəmanı adı verib. Ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Natiq Qasımovun Birinci Qarabağ müharibəsində (1992-ci ildə) günlərlə tək vuruşduqdan sonra 23 nəfər dinc sakinini xilas etmək naminə təslim olduğu bildirilir.

Onun döyüş hekayəsi haqqında çəkilən “Oğul” sənədli filmi 2022-ci ildə ekran üzü görüb. Filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Onun fotolarında Natiq Qasımovun əlində Azərbaycan bayrağını tutaraq təslim oduğu və dindirilidyi an əks olunub.

İyunun 26-da, Azərbyacan Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov dövlət mediasına müsahibəsində regiondakı hərbi-siyasi duruma toxunub. Naziririn fikrincə, hazırda bəzi böyük dövlətlərin Qafqazda maraqları var.

“Onlar böyük maraqlarını burada yaşayan xalqların üzərindən həyata keçirmək istəyirlər. Təbii ki, biz buna imkan verməməliyik. İmkan verməməliyik ki, onlar burada yenə də gərginlik yaratsınlar. Buradakı xalqlar illərlə gərginlik içində yaşayıblar. Ona görə də çalışmaq lazımdır ki, sülh olsun, inkişaf olsun və Qafqazdakı bütün xalqlar firavanlıq içərisində yaşasınlar”, deyən nazir gərginlik yaratmaq istəyən dövlətlərin adının çəkməyib.

Nazir Həsənov həmçinin deyib ki, Azərbaycan Ordusu daim hazır vəziyyətdədir.

“Biz qonşu dövlətlərdə gedən bütün prosesləri izləyirik. Silahlı qüvvələrin inkişafını, yəni, hansı istiqamətdə silahlanmasını – hamısı ilə maraqlanırıq və öyrənirik. Təbii ki, dost dövlətlərin uğurlarına sevinirik, kimlə problemlərimiz var, onları daha dərindən öyrənirik. Hər bir silahı, onların imkanlarını, bizə hansı problem yarada biləcəyini dərindən öyrənirik və bunların hamısını nəzərə alırıq. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, cənab Prezident çıxışında açıq şəkildə dedi, əgər biz görsək ki, Azərbaycana təhdid var, biz öz tədbirimizi görəcəyik”, o qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Həmin il avqustun 1-də AXC-nin hərbi nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını bolşevik işğalından azad edib.

1920-ci ilin aprelində Rusiyanın Azərbaycanı işğalından sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Azərbaycan Ordusunun çoxsaylı generalları və zabitləri bolşevik hökuməti tərəfindən güllələnib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci ildə Azərbaycan Silahlı Qüvvələri yenidən təşkil edilib. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibədə və ondan sonra 2023-cü ilin sentyabrında birgünlük toqquşmalarda döyüş əməliyyatları keçirirərək Qarabağda Azərbaycan hakimiyyətinin bərqərar olmasını təmin edib.