İyunun 24-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamovanın həbs müddətinin növbəti dəfə uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
Jurnalistin vəkili Rövşanə Rəhimlinin verdiyi məlumata görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil qərarın əsassız və qanunsuz olduğunu bildirib.
Xətai Rayon Məhkəməsi iyunun 11-də “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamovanın həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
“İstintaq orqanı həbs müddətinin uzadılmasını onunla əsaslandırdı ki, əlavə istintaq hərəkətlərinin aparılması zərurəti yaranıb. Bu istintaq hərəkətləri keçirilən zaman o, azadlıqda qalarsa, digər şəxslərlə əlaqəyə girib məlumat mübadiləsi edə bilər. İstintaqın gedişatına mane ola bilər”, vəkil qeyd edib.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.