İsrail və Hizbullah potensial "münaqişənin astanasındadır"

Qəzza müharibəsinin genişlənərək, İsrail və onun şimal düşməni, İranın dəstəklədiyi Hizbullah qruplaşmasını əhatə edəcəyinə dair narahatlıqlar artır. Hər iki tərəf bu həftə sərhədlərarası hücumların şiddətlənməsi fonunda müharibəyə getməyə hazır olduğunu iddia edib.

İsrail ordusu Livanın cənubuna hücum planlarını təsdiqləyib. Hizbullah “heç bir qırmızı xəttin olmadığı” müharibə aparmaqla təhdid edib, ancaq Qəzzadakı müharibə sonlandığı təqdirdə hücumu dayandıracağını bildirib.

Səudiyyə Ərəbistanının Birləşmiş Krallıqdakı səfiri Şahzadə Xalid Bin Bandar Əl-Səud bu həftə xəbərdarlıq edib ki, Qəzza müharibəsinə son qoyulmaması və İsrail-Fələstin müharibəsinin genişlənməsi asanlıqla qarşısı alınmayan ciddi eskalasiya riski daşıyır.

“Müəyyən anda biz elə bir nöqtəyə gələcəyik ki, münaqişə yayılacaq və regional olacaq,”o, Londonda yerləşən Chatham House təşkilatında deyib.

“Hər kəsin qarşıda duran təhlükəni dərk etməsi çox vacibdir,” o deyib. “Regional münaqişə regional olaraq qalmayacaq; o sürətli şəkildə beynəlxalq münaqişəyə çevriləcək. Reallıq budur ki, [münaqişə] indi davam etdiyi yolda getsə bu, hazırda yerdə baş verən ssenaridən və ya razılığın gətirib çıxarağı hər hansı ssenaridən daha pis olacaq.”

ABŞ Prezidenti Co Baydenin elçisi Amos Hokstin gərginliyi azaltmağa çalışaraq, xəbərdarlıq edib ki, “səhv hesablama, qəza və ya səhv raket” vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər.

Vaşinqtonda qərargahlanan Yeni Xətt İnstitutunun təhlilçisi Nikolas Heras Amerikanın Səsinə bildirib ki, İsrail və Hizbullah hazırda “münaqişənin astanasındadır” və bu da hərtərəfli müharibəyə səbəb ola bilər.

“İsrailin məqsədi HƏMAS-ın Qəzzaya nəzarətinə son qoymaq və Hizbullahı Livanda Litani çayının şimalında İsrail sərhədindən çıxarmağa məcbur etməkdir,” Heras deyib. “Hizbullahın məqsədi (ki, o İran tərəfindən müəyyən edilib) İsrailə Qəzzadakı müharibə bitənədək artan hərbi təzyiq göstərməkdir.”

Vaşinqtonda yerləşən Ərəb Körfəz Ölkələri İnstitutunun təhlilçisi Hüseyn İbiş France24 telekanalına deyib ki “nə Hizbullah, nə də İran hazırkı şərtlər altında müharibə istəmir.”

“Hizbullahın İranın ittifaqındakı məqsədi İsrailin və ya Amerikanın İrana, xüsusilə də onların nüvə obyektlərinə hücumuna qarşı çəkindirici qüvvə və strateji cavab olmaqdır.