Evin həbsxanasında saxlanılan siyasi fəal Tahir Nəqəvinin vəziyyəti pisləşdiyi üçün o, iyunun 22-də yenidən həbsxana klinikasına yerləşdirilib.
Bu barədə hüquq müdafiəçisi Sina Yusifi X hesabında məlumat verib.
Qalxanabənzər vəzi xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkən Tahir Nəqəvi vəziyyəti pisləşdikdən sonra iyunun 19-da həbsxana klinikasına, oradan da Taliqani xəstəxanasına köçürülmüşdü. Nəqəvi həbsxanada təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının təzyiqlərinə etiraz olaraq, serum və dərman almaqdan imtina etmişdi.
SEE ALSO: Vəziyyəti pisləşən Tahir Nəqəvi həbsxana klinikasına yerləşdirilibHəmin gün həkimlərin siyasi məhbusun xəstəxanaya yerləşdirilməli olduğuna dair tövsiyyəsinə baxmayaraq, həbsxana zabitləri onu yenidən Evin həbsxanasına qaytarıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Evin həbsxanasında aclıq edən siyasi fəallar həbsxana rəhbərliyi tərəfindən hədələnib. Həbsxana rəhbərliyi azərbaycanlı fəallara bildirib ki, aclıq aksiyası cinayət sayılır və bu, onların cəzasını daha da ağırlaşdıracaq.
Fevralın 6-da, Nəqəvi təhlükəsizlik qüvvələri tərəfindən Əlburz vilayətinin Kərəc şəhərində həbs edilib və sonra Evin həbsxanasının 209-cu bölməsinə köçürülüb. Bu azərbaycanlı fəalın ailəsi, üç gün boyunca ondan heç bir xəbər ala bilməyib. Nəhayət, üçüncü günün sonunda onun ailəsilə iki dəqiqəlik bir telefon danışığı olub. Təxminən bir ay davam edən dindirmə prosesi boyunca, Tahir Nəqəvinin ailəsi ilə əlaqə saxlamasına yalnız bir dəfə, təkcə bir telefon zəngi ilə icazə verilib.
Həbsindən 4 ay 17 gün ötən Tahir Nəqəvi, iyunun 13-də, digər məhbuslar Əbdüləziz Əzimi Qədim və Hüseyn Piri ilə birlikdə, təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının onlara qarşı qanunsuz rəftarlarına etiraz olaraq, aclıq aksiyasına başlayıb. Həmin aclıq aksiyasına iki gün sonra digər məhbus Ayaz Seyfxah da qoşulub.
Evin həbsxanasının səlahiyyətliləri, azərbaycanlı hüquqşünas və siyasi fəal Tahir Nəqəvini aclıq aksiyası keçirdiyi üçün həbsxananın karantin bölməsinə köçürüb. Bu bölmə yeni gələn məhbuslar üçün nəzərdə tutulub və burada məhbuslar cinayət baxımından ayrılmır. Karantin bölməsinin şəraiti isə çox aşağı səviyyədədir.