Təbrizdə universitet tələbəsi ikinci dəfə həbs edilib

Təbriz Mərkəzi Həbsxanası

Təbriz Texniki Kollecinin tələbəsi Ehsan Fəridi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

HRA xəbər agentliyinin yaydığı məlumata görə, tələbə fəal Ehsan Fəridi iyunun 20-də Təbrizdə Ümumi və İnqilab Prokurorluğuna müraciət etdiyi zaman həbs edilib, daha sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Fəridinin məhkəmədən çağırış aldıqdan sonra bu şöbəyə getdiyi bildirilib.

Onun həbsinin dəqiq səbəbi hələ ki, məlum deyil. Ehsan Fəridinin yeni ittihamla həbs edilib-edilmədiyi və ya həbsxanaya köçürülməsinin əvvəlki həbsi ilə bağlı olub-olmadığı ilə əlaqədar ətraflı məlumat yoxdur.

Tələbə fəal, bundan əvvəl martın 8-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Fəridi 10 gün sonra girov müqabilində müvəqqəti olaraq həbsdən buraxılmışdı.

Son aylar Təbrizdə universitet tələbələrinə nəzarətin və təzyiqlərin artması ilə bağlı xəbərlər dərc olunur. Xəbərlərə görə, Təbriz Universitetinin bir neçə tələbəsi nizam-intizam komitəsi təşkil edilmədən xaric edilib. Mayın 26-da "Birləşmiş Tələbələr" Telegram kanalı, Təbriz Universitetinin tələbəsi Sədəf Heydərinin təhsildən kənarlaşdırıldığı xəbərini dərc etmişdi.