İranın nəzarət şurası tərəfindən prezidentliyə namizədliyi təsdiqləndikdən bəri bəzi kəsimlər tərəfindən bölücü, pan-türkist və federalçı kimi ləqəblərlə günahlandırılan Məsud Pezeşkiyan çərşənbə günü İranın dövlət televiziyasında da oxşar kinayələr ilə üzləşib.
Çərşənbə iyunun 19-da namizədlərin ekspertlərin suallarını cavablandırdığı “mədəniyyət masası” proqramına qatılan Pezeşkiyana “pan-türkist tərəfdarları” ilə əlaqədar sual verilib. Təbriz millət vəkili isə “pan-türkism var isə, səbəbinin ədalətsizlik olduğunu” ifadə edib.
Təbriz millət vəkili Məsud Pezeşkiyanın prezidentliyə namizədlərin arasında tək islahatçı siyasətçi kimi tanınır. Pezeşkiyan keçmişdə həmçinin İranın səhiyyə naziri və parlament sədrinin birinci müavini vəzifələrində çalışıb. O, 10-cu parlament dönəmində təqribən 100 millət vəkilinin iştirakı ilə yaradılan, ancaq fəaliyyətsiz qalan Türk Bölgələri Fraksiyasının başqanı olub.
İran televiziyası Kanal 2-də yayımlanan proqramda mədəni ekspert olaraq verilişə qatılan İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq sözçüsü Hüseyn İntizami Məsud Pezeşkiyanın “pan-türkist” kəsimlər tərəfindən dəstəkləndiyini önə çəkib.
“Cənab doktor, mən pan-türkizm haqqında danışmaq istəyirəm. Xatırlayırsınız ki, bir neçə il öncə Salmasda Firdovsi heykəli ilə əlaqədar mübahisələr yüksəldi və heykəl götürüldü. Buna nəzərən ki, Firdovsi bizim milli kimliyimizin simvoludur, bu bəzi narahatlıqlara səbəb oldu. Əlbəttə siz özünüz keçmişiniz və mövqeyiniz etibarı ilə pan-türkizm və ya başqa ayırıcı meyllərə məsafəlisiniz. Amma, sizin tərəfdarlarınızın bir hissəsinin pan-türkist meylləri olmaması üçün hansı tədbirləri görübsünüz?” - deyə, Hüseyn İntizami Məsud Pezeşkiyana sual verib.
SEE ALSO: İran millətçilərindən Salmasda Firdovsi heykəlinin götürülməsinə geniş təpkiMəsud Pezeşkiyan cavab verib ki, “çox qısa cavab deyirəm. Əgər pan-türkizm varsa, pan-ərəbizm varsa, pan-bəluçism və ya pan-kürdizm varsa, bizim etdiyimiz ədalətsizliyə görədir. Onlardan kimsənin hakimiyyətdə yeri olmadığına görədir. Buna görədir ki, əgər mən bir bəluç olsaydım, mənə heç bir vəzifə verməzdilər, versəydilər də aşağı vəzifələr verərdilər, nə qədər dahi olsaydım belə. Siz indi bunlara hökümətdə bir yer görmürsünüz. O da qalxır etiraz edir. Bu ədalət məsələsidir. Bizim dinimiz və inancımızda var mki, ‘Allaha ən yaxın olan ən təqvalı olandır.’ Ancaq, bu, bizim siyasi proseslərdə və reallığımızda yoxdur.”
Dövlət televiziyasının aparıcısı Məsud Pezeşkiyanın cavabına etiraz bildirərək deyib ki, “bu siz hörmətli namizədin fikridir. Bəziləri də inanır ki, etnik azlıqlar İranda müxtəlif vəzifələrdə çalışıblar və çalışacaqlar.”
Pezeşkiyan aparıcının müdaxiləsinə kəskin təpki göstərib: “Əvvəla siz yalnız dinləməlisiniz! Bu şəkildə fikir bildirməyiniz müdaxilədir. Bunlar (ekspertlər) desin, haqlarıdır. Ancaq siz sadəcə dinləyib və vaxtı idarə etməlisiniz. Əlavə olaraq, bu ki, [etnik azlıqlar] vəzifələrdə olublar və ya olacaqlar, bunu mən daha yaxşı bilirəm ki!”