Bu gün, iyunun 19-da aclıq aksiyasına görə vəziyyəti pisləşən Tahir Nəqəvi Evin həbsxanasının klinikasına köçürülüb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Tahir Nəqəvi iyunun 13-də aclıq aksiyasının başlamasından 7 gün sonra çərşənbə günü Evin həbsxanasında ağır halsızlıq keçirib.
Əldə edilən məlumata görə, o, həbsxanada təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının milli fəallara qarşı təzyiqlərinə etiraz olaraq, serum və dərman almaqdan imtina edib.
Evin həbsxanasında 4 aydan artıq müddətdir saxlanılan azərbaycanlı vəkilin səhhəti barədə hələ ki, detallı məlumat yoxdur, lakin yaxınlarının bildirdiyinə görə, onun həbsxanadan kənar xəstəxanaya köçürülməsi ehtimalı var. Bu isə fəalın sağlamlıq durumu ilə bağlı narahatlığı artırıb.
SEE ALSO: Evin həbsxanasında aclıq edən siyasi fəalların səhhəti ilə bağlı narahatlıqlar artıbAzərbaycanlı vəkil Tahir Nəqəvi bir günlük aclıq aksiyasından sonra iyunun 14-də həbsxana gözətçiləri tərəfindən təhqir edilib, sonra döyülərək karserə köçürülüb.
Nəqəvi qalxanabənzər vəz xəstəliyi və yüksək təzyiqdən əziyyət çəkir və aclıq aksiyasına başladığından bəri dərman qəbulunu dayandırıb.
Hazırda 4 azərbaycanlı siyasi məhbus iyunun 13-dən Evin həbsxanasında aclıq aksiyası keçirir. Onlar təhlükəsizlik qüvvələrinin və məhkəmə orqanlarının bu fəallarla qanunsuz davranışlarına etiraz olaraq, aclıq aksiyasına başlayıblar. Əbdüləziz Əzimi Qədimin həbsxanadan göndərdiyi son audio-müraciətində, təhlükəsizlik qüvvələrinin milli fəalları sorğu-suala çəkərkən saxta etiraflar almaq üçün işgəncə tətbiq etdiyini açıqlayıb.
İranda etirazçılar və İran İslam Respublikasının siyasi müxalifləri üçün ağır cəzalar və edam hökmləri verməklə tanınan hakim Əbülqasım Salvati bu türk fəalların girov müqabilində müvəqqəti azadlığa buraxılmasına mane olur.