İranda məhbus mübadiləsi nəticəsində azad edilən isveçli: Göyün yeddinci qatındayam

İranla məhbus mübadiləsi nəticəsində azad edilən 33 yaşlı isveçli Avropa İttifaqı diplomatı Yohan Floderus bazar günü yayımlanan bir videoda azadlığa çıxdıqdan sonra ilk olaraq "göyün yeddinci qatındayam" deyib.

Franca xəbər agentliyi AFP-nin İsveç hökumətindən əldə etdiyi videoda Floderusun şənbə günü İrandan evə qayıdarkən baş nazir Ulf Kristerssonla peyk telefonu ilə danışdığını eşitmək olub.

"Mən səmadayam və özümü emosional olaraq göyün yeddinci qatında hiss edirəm. Mən bunu demək olar ki, 800 gündür gözləyirəm" - deyə, həyəcanlanmış Floderus Kristerssona bildirib.

"Mən bu günü dəfələrlə xəyal etmişdim. İranın hava məkanını tərk etdiyimi və mən evə getdiyimi dərk etməyə başlayıram" - deyə, o əlavə edib.

İsveç hökuməti tərəfindən yayımlanan görüntülərdə Floderusun eniş etdikdən sonra Stokholmun Arlanda hava limanında ailə üzvlərini qucaqladığını görmək olub.

Floderus 2022-ci ilin aprelində tətildən evə qayıtmağa hazırlaşarkən İranda həbs edilib. O, casusluqda günahlandırılmışdı. Bu ittihamla o, ölüm hökmü ilə üzləşə bilərdi.

O və digər İsveç vətəndaşı Səid Əzizi 1988-ci ildə İran həbsxanalarında kütləvi qətllərdə iştirak etdiyinə görə 2022-ci ildə İsveçdə ömürlük həbs cəzasına məhkum edilmiş 63 yaşlı keçmiş iranlı həbsxana məmuru Həmid Nurinin müqabilində şənbə günü azad edilib.

İsveç məhkəməsi Nurini "beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması və qətl"də təqsirli bilib. O, həmin müddət ərzində məzuniyyətdə olduğunu deyib.

İsveç rəsmiləri İsveçdə sürgündə olan iranlıların etirazlarına baxmayaraq, Nuri üçün çıxardıqları əfv qərarını müdafiə edib.

"Normal şəraitdə Həmid Nuri həbs cəzasını çəkməli idi", Ədliyyə naziri Qunnar Strommer şənbə günü axşam jurnalistlərə deyib.

“Digər tərəfdən, bizim vəziyyətimiz müstəsna idi. Belə ki, iki İsveç vətəndaşı İranda əsassız saxlanılırdı, işlərdən birində ölüm hökmü təhlükəsi var idi” - deyə, Strommer əlavə edib.

Strommer "bu, çətin bir qərar idi, lakin hökumət bunu etməli idi" deyib.

Casusluqda ittiham edilən digər isveçli, ikili vətəndaşlığı olan alim Əhməd Rza Cəlali isə 2017-ci ildən İranda ölüm kamerasında saxlanır.

Həyat yoldaşı onu məhbus mübadiləsinə daxil etmədiyi üçün İsveç hökumətini tənqid edib.

İsveçin xarici işlər naziri Tobias Billstromun görə, Stokholm onun azadlığa buraxılmasına çalışıb, lakin Tehran ikili vətəndaşlığı tanımadığından onun işini müzakirə etməkdən imtina edib.

"Təəssüf ki, İran onu İsveç vətəndaşı kimi tanımaqdan imtina edir” - deyə, Billstrom bildirib.