Rusiyanın neft anbarında çənlər dron hücumundan sonra alovlanıb

Rusiya rəsmilərinin bildirdiyinə görə, keçən gecə Rusiyanın neft anbarındakı çənlər pilotsuz təyyarənin hücumuna məruz qaldıqdan sonra alovlanıb. Ukrayna qüvvələrinin isə Rusiyanın 10 pilotsuz təyyarəsini vurduğu bildirilib.

Ukrayna Rusiyanın cənubunda Rostov vilayətində yerləşən Azov şəhərindəki neft anbarına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, Kyiv əvvəllər də buna oxşar zərbələr endirib və Rusiyanın enerji infrastrukturunun hədəfə alınmasının Moskvanın müharibə səylərinə zərər verdiyini bildirib.

"İlkin məlumatlara görə, itki yoxdur", Rostov qubernatoru Vasili Qolubev Telegram mesajlaşma proqramında yazıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi 3200 kvadrat-metrdən çox ərazini əhatə edən alovla mübarizəyə 200 yanğınsöndürən göndərildiyini bildirib.

Rostov vilayəti birbaşa Ukrayna ilə sərhəddədir. Azov şəhəri Azov dənizindən təxminən 16 kilometr aralıda, Don çayının sahilində yerləşir.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın keçən gecə buraxdığı 10 dronu məhv etdiyini bildirib. Dronlar Ukraynanın Zaporijye və Dnepropetrovsk səmalarında vurulub.

Ukrayna hərbi qüvvələri həmçinin ordunun Rusiya qüvvələri ilə ölkənin şərqindəki Donetsk bölgəsində Çasiv Yarın yaxınlığında döyüşdüyünü bildirib.

Ukrayna hərbçiləri brifinqdə “düşmən Çasiv Yarın Novıy mikrorayonuna doğru irəliləməyə davam edir” və “hazırda döyüşlər gedir” deyə, bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski gündəlik müraciətində deyib ki, cəbhə xəttindəki qoşunlar Rusiya qüvvələrinə qarşı nailiyyət əldə edib. O, “Pokrovsk və Donetsk vilayətinin digər istiqamətləri, eləcə də Xarkiv vilayətindən” xəbərlər aldığını bildirib. “Bizim qüvvələrimiz tədricən işğalçını Xarkiv vilayətindən sıxışdırıb çıxarır” deyib.

O həmçinin dronların münaqişədə əhəmiyyətini qeyd edib.

“Dronlar bizim üstünlüyə malik olmalı olduğumuz texnoloji komponentdir. Və biz bunu edəcəyik. Pilotsuz sistemlərin bəzi növlərində ukraynalılar artıq qlobal liderdirlər. Bu, tərəfdaşlarımızla apardığımız danışıqlarda da aydın görünür. Çoxları döyüşçülərimizin artıq sahib olduğu təcrübə və Ukraynada istehsal etdiyimiz avadanlıqla maraqlanır” - deyə, o bildirib.