İyunun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 nəfər ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir ki, Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək.
“Daha sonra uşaqlar Bakı şəhərinə qısa tanışlıq turuna cəlb ediləcəklər. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi, həmçinin Qız Qalası, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar. Növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək”, məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar Ukraynaya çatdırılıb.
Bundan əvvəlki 4 qrupla birlikdə ümumilikdə 150-ə yaxın ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.