Co Bayden dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

ABŞ Prezidenti Co Bayden dünya müsəlmanlarını Həccin başa çatması ilə qeyd edilən Qurban bayramı münasibətilə təbrik edib.

“Həcc və Qurban bayramı bizə Allah qarşısında bərabərliyimizi, icmanın və xeyriyyəçiliyin vacibliyini xatırladır. Bunlar Amerika xarakteri ilə birbaşa əlaqəli dəyərlərdir. ABŞ-da milyonlarla müsəlman amerikalının yaşaması böyük nemətdir, onlar tibbdən tutmuş texnologiyaya, təhsilə, ictimai xidmətə, incəsənətə qədər cəmiyyətimizi saysız-hesabsız sahələrdə zənginləşdirir” - deyə, Prezident bəyanatında vurğulayıb.

“Bir çox müsəlman amerikalı mənim administrasiyamda xidmət edir, bütün əvvəlki administrasiyaların birləşdiyindən daha çox və mən müsəlman amerikalıları federal məhkəməyə namizəd göstərən ilk prezidentəm. Hər gün Amerika xalqı adından onların zəhmətinə görə minnətdaram. Müsəlman amerikalılar bizim qonşularımız, ailəmiz, dostlarımız və həmvətənlərimizdir. Onlar ölkəmizi daha da gücləndirir”, Bayden əlavə edib.

Dünya müsəlmanlarının üzləşdiyi çətin dövrləri, xüsusən də Qəzzada müharibəni qeyd edən Bayden vurğulayıb ki, onun administrasiyası müharibəni dayandırmaq, bütün girovları azad etmək, humanitar yardım çatdırmaq və gələcəkdə fələstinlilər və israillilər üçün davamlı sülhə nail olmaq üçün yeganə yol olduğuna əmin olduğu iki dövlətli həll yoluna çalışmaq üçün əlindən gələni edir.

“Mən qəti şəkildə inanıram ki, İsrailin HƏMAS-a verdiyi və BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi üç fazalı atəşkəs təklifi Qəzzada zorakılığa son qoymaq və nəticədə müharibəyə son qoymaq üçün ən yaxşı yoldur”, Bayden qeyd edib.

Bayden həmçinin administrasiyanın Sudandakı münaqişənin sülh yolu ilə həlli, Myanmada rohincaların və Çində uyğurların hüquqlarını qorumaq və ABŞ-da islamofobiya ilə mübarizə səylərini qeyd edib.

“Amerikada istər müsəlman amerikalılara, istər ərəb amerikalılara, o cümlədən fələstinlilərə və ya başqasına yönəlmiş nifrətə yer yoxdur”, o bildirib.

ABŞ prezidenti deyib ki, onun administrasiyası islamafobiya və təkcə müsəlmanlar deyil, ərəb və Cənubi Asiya mənşəli amerikalılar, xüsusən də sikxlərə təsir edən ayrı-seçkiliyin formaları ilə mübarizə üçün milli strategiya hazırlayır.