İsveçrə sammiti: Ukraynanın ərazi bütövlüyü sülh üçün ilkin şərtdir

İsveçrədə Ukraynada sülhə dair davam edəcək iki günlük beynəlxalq sammitdə iştirak edən yetmiş səkkiz ölkə Ukraynanın “ərazi bütövlüyünün” Rusiya ilə sülh sazişinin əsasını təşkil etməli olduğu və Kyivin müharibənin dayandırılması üçün Moskva ilə dialoqa getməli olduğunu bildirən sənəd imzalayıb.

Ağ Evin görüşdə iştirak edən milli təhlükəsizlik müşaviri Ceyk Sallivan 100-ə yaxın ölkə və qurumun yaxın mövqeyini “böyük uğur” kimi qiymətləndirib.

“Bu sammit ədalətli sülhün nəyə bənzədiyini, əsas təməlini müəyyən etdir və bunlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsipləri, beynəlxalq hüququn prinsipləri, suverenlik və ərazi bütövlüyü konsepsiyası və heç bir millətin başqa bir milləti zorla fəth etməsinə icazə verməməsi ilə bağlı əsas müddəadır", Sallivan deyib.

İsveçrədə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı sülhə məcbur etməyin iki yolu olduğunu deyib. Birinci yol diplomatik, ikinci yol güclü müdafiə və güclü ordu ilə.

"Bizim üçün ən böyük uğur, əlbəttə ki, müharibənin başa çatmasıdır. Bu, uğur deyil, bu dünyada mövcud olmağın yeganə imkanı, həyatın yeganə ədalətli imkanıdır. Və biz müharibəni bitirmək üçün hər şey edəcəyik. Bu, bu gün yalnız ilk addımdır, lakin bu, güclü bir addımdır" - deyə, Zelenski bildirib.

Rusiya İsveçrənin Buergenştok kurortunda keçirilən sammitə dəvət edilməməsi sülhə doğru yolla bağlı ümidləri azaldıb. Rusiyanın əsas müttəfiqi olan Çin də konfransda iştirak etməyib. Braziliya isə yalnız müşahidəçi qismində iştirak edib.

Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və məhbusların mübadiləsi məsələlərini əks etdirən yekun sənədi imzalamayanlar arasında olub.

Bəyannamədə deportasiya edilmiş ukraynalı uşaqların ailələrinə qaytarılması çağırışı da yer alıb.

Qətərin baş naziri Şeyx Məhəmməd Bin Əbdülrəhman Əl-Təni görüşdə ölkəsinin həm Ukrayna, həm də Rusiya nümayəndə heyətləri ilə ukraynalı uşaqların ailələrinə qovuşması ilə bağlı danışıqlara ev sahibliyi etdiyini, bu günə qədər 34 uşağın ailələrinə qaytarıldığını, lakin daha çox iş görülməli olduğunu bildirib.

Ukrayna hökuməti 19 546 uşağın ya deportasiya edildiyi, ya da məcburi olaraq köçürüldüyünə inanır. Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova daha əvvəl Ukraynanın uşaq evlərindən azı 2 min uşağın aparıldığını təsdiqləyib.

Ərzaq təhlükəsizliyinə gəldikdə müzakirələr zamanı əsas diqqət Ukraynanın münbit torpaqlarının məhv edilməsi, eləcə də bu ərazilərdə minaların törətdiyi davamlı risklərin Ukraynanın kənd təsərrüfatı istehsalı və ixracında geriləmə yaratdığına yetirilib.

İclasın nüvə təhlükəsizliyi sessiyasında aprelin ortalarından bəri Ukraynanın nüvə stansiyalarının, əsasən də bütün reaktorların bağlandığı Zaporijye nüvə stansiyasının təhlükəsizliyi ilə bağlı vəziyyətə nəzər salınıb.