Fəallar Rusiyanı oğurlanmış ukraynalı uşaqlara psixoloji travma verməkdə ittiham edir

Rusiyanın ukraynalı uşaqları oğurlaması ölkənin gələcəyini oğurlamaq cəhdidir və uşaqları dərin psixoloji sarsıntılar altında qoyur, "Ukraynanı xilas et" xeyriyyə təşkilatının qurucusu və baş direktoru Nikolay Kuleba şənbə günü İsveçrədə keçirilən beynəlxalq sammit çərçivəsində çıxış edərkən deyib.

“Uşaqlara Ukrayna dilində danışmaq və Ukrayna simvollarını nümayiş etdirmək qadağandır. Uşaqlar Rusiya himninin səsləndirilməsinə müqavimət göstərsələr, ciddi şəkildə cəzalandırılırlar” - deyə, o bildirib.

O deyib ki, Rusiya hakimiyyəti də uşaqların adlarını və doğum tarixlərini mütəmadi olaraq dəyişir. Kulebanın sözlərinə görə, “Ukraynanı xilas et” təşkilatı bu günə kimi 373 uşağı, o cümlədən 88 yetim uşağıı vətənlərinə qaytarmağa nail olub.

Kuleba əlavə edib ki, bir çox geri qaytarılan uşaqda travma əlamətləri var. O, atasının işğalçı əsgərlər tərəfindən döyüldüyünü görən beş yaşlı uşaqdan danışıb ki, bu da onda kabus və daimi qorxu hissi yaradıb.

Ukrayna iddia edir ki, müharibə başlayandan bəri 20 minə yaxın uşaq ailəsinin və ya qəyyumlarının razılığı olmadan Rusiyaya və ya Rusiyanın işğal etdiyi ərazilərə aparılıb. Ukrayna hakimiyyəti insan oğurluğunu müharibə cinayəti adlandırır.

Moskva isə deyir ki, o, yalnız sosial cəhətdən həssas uşaqları döyüş bölgəsindən çıxarır.

Kuleba oğurlanmış uşaqlar haqqında məlumat toplamaq və evlərinə qaytarmaq üçün beynəlxalq səyləri artırmağa çağırıb.

2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və uşaq komissarı Mariya Lvova-Belovanın ukraynalı uşaqların oğurlanması ilə bağlı hərbi cinayətlərdə ittiham olunaraq həbsinə order verib.