Evin həbsxanasında saxlanılan siyasi fəal Ayaz Seyfxah həmin həbsxanada aclıq aksiyası keçirən digər üç məhbusa qoşulub.
Araz News Telegram kanalında yayılan məlumata görə, Evin həbsxanasında 4 aydan artıqdır qeyri-müəyyən vəziyyətdə saxlanılan siyasi fəal Ayaz Seyfxah iyunun 15-də aclıq aksiyasına başlayıb.
Bununla da, Tehranın Evin həbsxanasındakı aclıq edən türk fəalların sayı 4-ə çatıb.
İyunun 13-də azərbaycanlı siyasi məhbuslar Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri təhlükəsizlik qüvvələrinin və məhkəmə orqanlarının qanunsuz davranışlarına etiraz olaraq, aclıq aksiyasına başlayıblar.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Tehran Ümumi və İnqilab Məhkəməsinin hakimi Əbülqasim Salavati həbsdə olan milli fəalların yaxınlarına bildirib ki, yekun hökm çıxarılana qədər nəzarət altında saxlanılan bu fəalların zaminə buraxılmasının qarşısını almaq niyyətindədir.
Əbülqasim Salavati, yüksək rütbəli bir hakimdir və bir çox müxalif siyasi fəal barəsində çıxardığı sərt hökmləri ilə tanınır. O, İran vətəndaşlarının hüquqlarının ciddi və geniş şəkildə pozulmasında rol oynadığına görə ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb.
SEE ALSO: Evin həbsxansında üç azərbaycanlı fəal aclıq aksiyasına başlayıbBu dörd azərbaycanlı milli fəal artıq 4 aydan çoxdur ki, qeyri-müəyyən müddətə Evin həbsxanasında saxlanılır.
Digər siyasi fəal Tahir Nəqəvi ötən gün həbsxana gözətçiləri tərəfindən döyülərək, daha sonra karserə köçürülüb. Tahir Nəqəvini döyən gözətçilər onu hədələyərək, aclıq aksiyasına son qoymasını istəyiblər.
Azərbaycanlı fəallar fevralın ilk həftəsindən Tehranın Evin həbsxanasında saxlanılan fəalların vəziyyətində dəyişiklik olmadığı təqdirdə, aclıq aksiyasını quru aclıq aksiyasına çevirəcəklərini də açıqlayıblar.