Dünya liderləri İsveçrədə Ukrayna sülh sammitində iştirak edirlər

Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçrə Federal Prezidenti Viola Amherd 15 iyun 2024-cü il tarixində İsveçrənin mərkəzindəki Lütsern şəhəri yaxınlığındakı dəbdəbəli Burgenstok kurortunda Ukraynada Sülh Sammitində mətbuat konfransı keçirir.

Dünya liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin 10 bənddən ibarət sülh planına dəstək göstərmək və Rusiyaya Ukraynadakı müharibəyə son qoyması üçün təzyiq göstərmək məqsədilə şənbə günü İsveçrənin Lütsern gölü yaxınlığında dəbdəbəli Burgenstok kurort zonasında keçirilən qlobal sülh sammitinə toplaşıblar.

Sammitdən 90-dan çox ölkənin iştirakı gözlənilir, ancaq Çinin yoxluğu diqqət çəkir. Rusiya isə konfransa dəvət olunmayıb.

Zelenski Ukraynada “ədalətli sülh”ə dair ümidini ifadə edib.

“İnanıram ki, biz buradakı sammitdə tarixin yazıldığına şahid olacağıq. Ümid edirəm yaxında ədalətli sülh bərqərar olar,” Zelenski tədbirin başlanğıcında bildirib.

Ukrayna Prezidenti sammitdə çox sayda ölkənin iştirakını uğur olaraq qiymətləndirib. “Ukrayna heç vaxt bu müharibəni istəməyib. Bu, Rusiya tərəfindən cinayətkar və tamamilə əsassız təcavüzdür,” o, İsveçrə Prezidenti Viola Amherdlə birlikdə mətbuat konfransında bildirib. Amherd münaqişənin “ağlasığmaz əzab”a səbəb olduğunu və beynəlxalq hüququ pozduğunu deyib.

Zelenski bildirib ki, o, sammitdəki danışıqlardan sonrakı bəyanatların sülhquruculuğu prosesini formalaşdıracağına ümid bəsləyir. Ancaq Çinin sammitdə iştirak etməkdən çəkinməsi Rusiyanın beynəlxalq səhnədə təcrid olunacağına dair gözləntiləri aradan qaldırıb.

Mənbələr bildirib ki, danışıqların diqqət mərkəzində müharibənin səbəb olduğu daha geniş narahatlıqlar, o cümlədən ərzaq və nüvə təhlükəsizliyi, habelə Rusiyanı Ukraynadakı müharibəsinə görə təcavüzkar kimi tanıyan qətnamə layihəsi olacaq.

Sammitdə ABŞ Prezidenti Co Baydenin əvəzinə ABŞ Vitse-prezidenti Kamala Harris iştirak edir. Bayden İtaliyada keçirilən Böyük Yeddilər sammitindən sonra ABŞ-a geri dönür və Los Ancelesdə seçki kampaniyası üçün ianə toplamaq tədbirində iştirak edəcək.

Harris Zelenski ilə ikitərəfli görüşündə Amerikanın Ukraynaya sarsılmaz dəstəyini vəd edib və Rusiyanın 27 aydır davam edən hərbi müdaxiləsi fonunda Ukraynanın enerji infrastrukturu və humanitar ehtiyacları üçün 1.5 milyard dollardan çox yardımı elan edib.

“Bu müharibə [Rusiya Prezidenti Vladimir] Putin üçün tam uğursuzluq olaraq qalır,” Harris deyib. “Beynəlxalq normalara riayət etmək bizim marağımızdadır.”

Vitse-prezidentin ofisi elan edib ki, 1.5 milyard dollarlıq yardıma enerji resursları üçün 500 milyon dollarlıq yeni maliyyə və fövqəladə enerji infrastrukturunun təmiri və Ukraynadakı başqa ehtiyacların qarşılanmasına yönəldilən daha öncə elan edilən 324 milyon dollar daxildir.

Vitse-prezident həmçinin qaçqınlar və müharibənin təsirinə məruz qalan başqa insanlara kömək etmək üçün Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agnetliyi tərəfindən 379 milyondan çox humanitar yardımı elan edib.

Böyük Yeddilər sammitində şənbə günü İtaliya baş naziri Giorgia Meloni Rusiya Prezidenti Vladimir Putinin hər hansı sülh danışıqlarından öncə Ukraynanın təslim olmasına dair tələbini “təxribat” adlandırıb.

“Danışıq təklifi olaraq Ukraynaya Ukarynadan geri çəkilməli olduğunu demək mənə o qədər də effektiv görünmür,” o, İtaliyada Böyük Yeddilər sammitinin sonunda söyləyib.

Birləşmiş Ştatlar, Ukrayna və NATO cümə günü Putinin Ukraynada atəşkəs üçün irəli sürdüyü şərtləri rədd edib. Putin deyib ki, o, Kyiv Moskanın iddiası olduğu ərazilərdən geri çəkildiyi və NATO-ya qoşulmaq istəyindən əl çəkdiyi halda Ukraynaya hücumunu dayandıracaq.

“Putin Ukrayanın suveren ərazisini işğal edib, qanunsuz olaraq işğal edib. O, Ukraunaua sülhə nail olmaq üçün nə etməli olduğu diktə edəcək mövqedə deyil, ” müdafiə naziri Lloyd Austin cümə günü Brüsseldə NATO iclasının sonunda deyib.

“O, istəsə, buna bu gün son qoya bilər, və biz onu bunu etməyə və Ukraynanın suveren ərazisini tərk etməyə çağırırıq.”

Zelenski deyib ki, Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz.

Bu arada isə Ukraynada müharibə davam edir. Ukraynanın regional rəsmilərinin məlumatına görə, cümə axşam saatlarında və şənbəyə keçən gecə endirilən zərbələr nəticəsində ən azı üç mülki şəxs həlak olub, 15 nəfər yaralanı.

Rusiyanın Belqorod regionunu qubernatoru Vyaçeslav Qladkov şənbə günü sosial mediada bildirib ki, cümə günü Şebekino şəhərində beş mərtəbələri binada beş nəfərin ölümü ilə nəticələnən zərbənin arxasında Ukrayna dayanır. Lyiv hücumla bağlı şərh verməyib.