ABŞ, Kyiv və NATO müttəfiqləri Putinin Ukraynada atəşkəslə bağlı şərtlərini tənqid edir

Birləşmiş Ştatlar, Ukrayna və NATO Kyiv qüvvələrinin Moskvanın iddia etdiyi ərazilərdən çıxacağı və NATO-ya üzv olmaq cəhdindən əl çəkəcəyi təqdirdə Ukraynaya hücumu dayandıracağını bildirən Rusiya prezidenti Vladimir Putinin cümə günü Ukraynada atəşkəslə bağlı şərtlərini rədd edib.

"Putin Ukraynanın suveren ərazisini qeyri-qanuni şəkildə işğal edib. O, Ukraynaya sülh yaratmaq üçün nə etməli olduqlarını diktə edəcək bir mövqedə deyil" - deyə, ABŞ Müdafiə naziri Lloyd Astin Brüsseldə, NATO-nun iclasının sonunda deyib.

"O, istəsə, bu gün buna son qoya bilərdi və biz onu bunu etməyə və Ukraynanın suveren ərazisini tərk etməyə çağırırıq", Austin həmçinin əlavə edib.

İsveçrədə keçiriləcək Ukrayna sülh konfransı ərəfəsində Putin deyib ki, Kyiv öz qoşunlarını ölkənin şərqindən və cənubundan çıxararaq, faktiki olaraq təslim olarsa, Moskva hücumunu dayandıracaq. O həmçinin Kyivdən NATO-ya üzvlükdən imtina etməyi və Rusiyanın 2014-cü ildə Krımın qanunsuz ilhaqını tanımasını tələb edib.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Putinin atəşkəs təklifi etibar edilməyəcək ultimatumdur.

G7 sammiti çərçivəsində İtaliyanın SkyTG24 xəbər kanalına danışan Zelenski atəşkəs tələbləri yerinə yetirilsə belə, Putinin hərbi irəliləyişlərini dayandıracağını düşünmədiyini bildirib.

"Bunlar keçmiş mesajlardan heç bir fərqi olmayan ultimatum mesajlarıdır", Zelenski, Putinin istəklərini Adolf Hitlerin İkinci Dünya Müharibəsi başlamazdan əvvəlki ekspansionist hərəkəti ilə müqayisə edərək deyib.

"Bu Hitlerin etdiyi ilə ey ni şeydir ... Ona görə də bu mesajlara etibar etməməliyik", Zelenski əlavə edib.

Ukrayna prezidentinin müşaviri Mihailo Podolyak Putinin şərtlərini "absurd" adlandırıb.

"O, Ukraynaya geosiyasi suverenliyindən əl çəkməyi təklif edir" - deyə, Podolyak Reuters agentliyinə bildirib.

NATO-nun müdafiə nazirləri cümə günü Ukraynaya etibarlı, uzunmüddətli təhlükəsizlik yardımı və hərbi təlim üçün yeni planı təsdiqləyib. Bu plan Vaşinqtonun Kyivə dəstəklə bağlı ABŞ Konqresində aylarla davam edən müzakirələrindən sonra Qərbin tədarüklərinin gecikdirilməsinə cavabdır.

NATO müttəfiqləri gecikmələrin son aylarda Rusiyanın döyüş meydanında irəliləməsinə kömək etdiyini bildiriblər.

Yeni plan ABŞ-ın rəhbərlik etdiyi Ukrayna Müdafiə Əlaqə Qrupunun (UDCG) səylərini tamamlayır. Qrup Kyivə hərbi yardımı koordinasiya etmək üçün 50-yə yaxın ölkəni bir araya gətirir.

Cümə axşamı NATO-da UDCG-nin iclasından sonra mətbuat konfransında danışan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general C.Q. Braun ukraynalıların "müdafiə xətlərini saxlaya bildiyini" və "rusların şəxsi heyət, eyni zamanda platformalarını itirməsinin olduqca travmatik" olduğunu bildirib.

İsveçrə bu həftə sonu Ukrayna ilə bağlı azı 90 ölkə və təşkilatın iştirak edəcəyi sülh sammitinə ev sahibliyi edir. Moskva sammitdə iştirak etmir.