Son günlər Azərbaycan və Ermənistan arasında hələ delimitasiya olunmamış sərhəddin Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan ərazisinin atəşə tutulması barədə rəsmi məlumatlar yayılır. Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin məlumatlarını təkzib edir.
İyunun 14-də Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğunu bildirib.
“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, məlumatda qeyd edilib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin ötən gün axşam, bu gün səhər saatlarında da Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu barədə məlumat yayıb.
Ermənistan Müdafiə nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məlumatını “dezinformasiya” kimi qiymətləndirir.
“Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı həqiqətə uyğun deyil”, Ermənistan Müdafiə Nazirliyi bildirir.
Bununla yanaşı, Azərbaycan Baş Prokurorluğu Azərbaycan Ordusunun əsgəri Ceyhun Hüseynovun Naxçıvan istiqamətində müəammalı şəraitdə ölümü ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.2.12-ci maddəsilə (ağırlaşdırıcı şəraitdə qətl) istintaq aparır.
Rəsmi məlumata görə, Ceyhun Hüseynov iyunun 9-da Ermənistanla sərhəddə Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi istiqamətində xidmət zamanı itkin düşüb. İyunun 11-də əsgərin cəsədi tapılıb. Ölümün səbəbi açıqlanmayıb.
Sərhəddə gərginlik Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi üzrə irəliləyişlərin olduğu barədə qarşılıqlı bəyanatlar zamanına təsadüf edir.