İyunun 14-də Bakı Apellyasiya Məhkəməsi “Abzas Media”nın işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin uzadılması ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Onun vəkili Rəsul Cəfərov Amerikanın Səsinə verdiyi məlumata görə, müdafiə tərəfi Babalının cinayət təqibini və həbs olunmasını əsassız hesab edir.
Hafiz Babalı görmə üzrə üçüncü qrup əlildir. Bundan əlavə, aşağı ətraf damarlarının varikoz genişlənməsindən əziyyət çəkir və bu xəstəlik istintaq təcridxanasında kəskinləşib. Jurnalistin cərrahi əməliyyata ehtiyacı var.
Hafiz Babalının ailəsindən Amerikanın Səsinə bildiriblər ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Hafiz Babalının damar xəstəliyinin tibbi göstərişlərə müvafiq icbari tibbi sığorta sistemi ilə stationar şəraitdə cərrahi müalicəsinə şərait yaratmır.
Öz növbəsində, Ombudsman Aparatının Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Ombudsman Aparatı tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Hafiz Babalı barəsində sağlamlıq vəziyyəti, saxlanma şəraiti ilə bağlı müvafiq tədbirlərin görülməsinə dair Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciətlər edilib.
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən verilmiş cavabda bildirilmişdir ki, Babalı Bakı İstintaq Təcridxanasına qəbul edilərkən təlimata uyğun tibbi tədbirlərə cəlb edilmişdir”, Amerikanın Səsinin sorğusuna cavabda qeyd edilir.
İyunun 13-də jurnalist Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin ikinci dəfə uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb. “Abzas Media”nın məlumatına görə, hakim Murad Məmmədovun sədrliyilə keçirilən prosesdə şikayət təmin edilməyib.
İyunun 10-da Bakının Xətai Rayon Məhkəməsi Hafiz Babablının 1 ay və Elnarə Qasımovanın həbs müddətinin isə 2 ay uzadılması ilə bağlı qərar qəbul edib.
“Abzas Media”nın verdiyi məlumata görə, iyunun 12-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə birlikdə “Abzas Media işi” üzrə saxlanılan Məhəmməd Kekalovun da həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Məhkəmə bu qərarı istintaq orqanının təqdimatı əsasında verib. Kekalovun həbs müddəti martın 15-də də 3 ay uzadılmışdı.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.