İbrahim Rəisi və digər rəsmilərin ölümü ilə nəticələnə helikopter qəzasından sonra İranın nəzarət şurası tərəfindən prezidentliyə namizədliyi təsdiqlənən 6 siyasətçi iyunun 28-də ölkədə keçiriləcək prezident seçkilərində yarışacaqlar.
Jurnalist Taha Kirmani Amerikanın Səsi ilə söhbətdə İran hakimiyyətinin seçkilərlə bağlı yürütdüyü siyasəti dəyərləndirməklə yanaşı namizədlər arasında tək islahatçı siyasətçi kimi tanınan Təbrizin hazırki millət vəkili Məsud Pezeşkiyan haqqında danışıb.
Your browser doesn’t support HTML5
Kirmaninin fikrincə, İslam Respublikası bir müddətdir artıq seçkilərdə seçici fəallığına keçmişdəki qədər əhəmiyyət vermir.
“Mən düşünürəm ki, sadəcə bu seçimlər yox, son üç seçimlərdə yəni Rəisinin gəldiyi seçimlər, Xameneyinin deyimi ilə inqilabi məclis seçimləri və ən son məclis seçimlərini gözdən keçirdiyimizdə hakimiyyət artıq maksimum qatılıma prioritet verməyərək gücə ortaq olanların və ya hakimiyyətdə aktiv rol alanların sayısını daha daraltmağa qərar verib və bu doğrultuda seçimləri həyata keçirir. Bu prosesdə də siyasi fəaliyyətə qoyulan məhdudiyyətlər və ya azadlıqların səviyyəsi də bu ümumi siyasət əsasında olur”, jurnalist söyləyir.
Təbriz millət vəkili Məsud Pezeşkiyanın prezidentliyə namizədliyinin nəzarət şurası tərəfindən təsdiq edilməsi İran siyasi mühitində gözlənilməz bir hadisə kimi dəyərləndirildi. Namizədlər arasında tək islahatçı siyasətçi kimi tanınan Pezeşkiyan tanınmış islahatçı kəsimlərin bir çoxunun dəstəyini alsa da, İranın bəzi milliyyətçi qrupları tərəfindən bölücü və federalçı kimi ləqəblərlə günahlandırılır. Pezeşkiyan keçmişdə həmçinin İranın səhiyyə naziri və parlament sədrinin birinci müavini vəzifələrində çalışıb. O, 10-cu parlament dönəmində təqribən 100 millət vəkilinin iştirakı ilə yaradılan, ancaq fəaliyyətsiz qalan Türk Bölgələri Fraksiyasının başqanı olub.
SEE ALSO: İran Parlamentinin ‘Türk Bölgələri Fraksiyası’na nə oldu?Taha Kirmaninin dediklərinə görə, “Pezeşkiyanın buraya qədər ən azından İran televiziyasında qatıldığı proqramda performansı çox zəif dəyərləndirilib. Amma, ümumi olaraq Pezeşkiyanın yarışa girməsi, varlığı və siyasi kimliyinə baxdığımızda bəlli dərəcədə bir həyəcan yaradıb. Ancaq bu həyəcanı örnək üçün Məhəmməd Xatəminin seçilməsinə yol açan seçkilər və hətta Ruhani dönəmi ilə kəsinliklə müqayisə etmək mümkün deyil. 2009 seçkiləri ilə müqayisə etmək heç mümkün deyil. Anlaşılan hakimiyyət bu mesajı verir ki, az da olsa dar bir alan açıb islahatçılara. İndi görək tərəflər bunu necə dəyərləndirəcək.”
SEE ALSO: İranda prezident seçkilərində yarışacaq 6 namizəd təsdiq edilibKirmanı əlavə edib ki, “xüsusilə Təbriz mərkəzli türk siyasətinin İranda güc sahibi olması baxımından, bu, hər dönəm İranda bəlli yeri olmuşdur. Ancaq, bu, o qədər geri itələndi ki, indi bir balaca o tarixi mövqeyə yaxınlaşması önəmli görünür. Yəno, bu baxımdan dəyərləndirilməlidir. Amma, Pezeşkiyanın məsələn federalizm ilə əlaqəli söhbətləri var. Ancaq bunlar əməldə İran İslam Cümhuriyyəti çərçivəsinə sığmayan məsələlərdir. Bunu da mən güman edirəm ki, özəlliklə yeni nəsil nəzərdə alar, çarəsizlikdən Pezeşkiyana üz tutmağa məcbur qalsa belə.”