Azərbaycan Naxçıvan istiqamətində bəzi mövqelərinin atəşə tutulduğunu deyir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələri onun Naxçıvan Muxtar Respublikasının Şərur, Ordubad və Şahbuz rayonunun bəzi yaşayış məntəqələri istiqamətlərində mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", məlumatda əlavə edilib.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması barədə məlumatı təkzib edib.
“Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, iyunun 12-də saat 10:05-dən 17:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən sərhədin cənub-qərb istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri atəşə tutulub, bu həqiqətə uyğun deyil” məlumatda deyilir.
Ötən aylarda Azərbaycanla Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün danışıqlar intensivləşib və ölkələrin şimal sərhədində delimitasiya və demarkasiya prosesinə start verilib.
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin delimitasiyası və demarkasiyası barədə ilkin razılaşma əldə ediblər.
Razılaşma 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Bakının suverenliyinə qaytarılması və sərhədlərin delimitasiya prosesinin 1991-ci il Almatı bəyannaməsi əsasında davam etdirilməsini nəzərdə tuturdu.
2024-cü ilin aprelində Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan çıxarılması məsələsini razılaşdırıb.
Eyni zamanda Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də aprelin 26-da fəaliyyətini dayandırıb. İndiyə qədər sülhməramlıların hərbi texnikasının və şəxsi heyətinin böyük hissəsi ərazidən çıxarılıb və sülhməramlıların ərazidə nəzarət etdiyi 30 buraxılış məntəqəsinin hamısı ləğv edilib.