Gürcüstanda etirazçılar hökumət devrilənə qədər küçələrdə qalacaqlarına söz verib

Gürcüstanda etirazçılar ötən həftə qüvvəyə minən “xarici agent” qanunu əsasında hökumət əleyhinə nümayişləri davam etdirəcəklərini vəd edib.

Tənqidçilərin Rusiyadakı analoji tədbirlərlə müqayisə etdiyi qanuna etiraz olaraq son iki ayda minlərlə insan Gürcüstanın paytaxtı Tbilisidə küçələrə çıxıb. Nümayişçilərin çoxu Avropa İttifaqı və Gürcüstan bayraqları daşıyır, digərləri isə 2022-ci ildə Moskvanın işğalından sonra Kyivlə həmrəylik əlaməti olaraq Ukrayna bayraqlarını dalğalandırır.

Nümayişlərdə ən tanınmış simalar arasında 2008-ci ildən Gürcüstanın Moskva qüvvələri tərəfindən işğal olunmuş ərazilərində Rusiyanın fəaliyyətlərini izləyən tanınmış fəal David Katsarava da iştirak edir.

Mayın 14-də Katsarava parlamentin qarşısında xüsusi təyinatlılar tərəfindən saxlanılıb. O, həbsdə ən azı beş dəfə şiddətli döyüldüyünü, çənə və göz yuvası da daxil olmaqla, geniş xəsarətlər aldığını deyir. Katsarava ertəsi gün heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. Hökumət ona göstərilən rəftarın araşdırıldığını bildirir.

Katsarava Amerikanın Səsinə bildirib ki, etirazlar davam etməlidir və o, yaxın günlərdə onlara yenidən qatılacaq.

“Biz indi dəyişmiş reallığa sahibik və biz mübarizəni davam etdirməliyik. Gürcüstan dəyişib, Rusiyaya münasibətini dəyişib. Biz sona qədər mübarizə aparmalıyıq, çünki dayansaq, qorub evdə qalsaq, bu, azad Gürcüstan üçün son olacaq”.

Yeni qanun maliyyəsinin 20 faizindən çoxunu xaricdən alan hər bir təşkilatın “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb edir. Tənqidçilər bunu Rusiya qanunvericiliyi ilə müqayisə edərək deyirlər ki, bu, oktyabrda keçiriləcək seçkilər ərəfəsində hökumətin media və qeyri-hökumət təşkilatlarına nəzarətini artırmaq və tənqidi boğmaq məqsədi daşıyır.

Avropa İttifaqı xəbərdarlıq edib ki, “xarici agent” qanunu Gürcüstanın Aİ-yə üzvlük istəkləri ilə bir araya sığmır.

Ötən həftə Birləşmiş Ştatlar qanunvericiliyi dəstəkləyən bir neçə gürcü qanunvericiyə qarşı sanksiya tətbiq edib.

Nümayişçilər israr edir ki, “Gürcü Arzusu” siyasi partiyasının rəhbərlik etdiyi və getdikcə daha çox Rusiya tərəfdarı kimi görünən hökuməti devirmək məqsədi ilə oktyabr seçkilərinə qədər aksiyalarını davam etdirəcəklər.

“Xarici agent” qanunu qüvvəyə minməzdən əvvəl keçirilən sorğular gürcülərin təxminən 80 faizinin Aİ üzvlüyünü dəstəklədiyini göstərir. Parlament qarşısında bu yaxınlarda keçirilən etiraz aksiyasında bir çox nümayişçi seçkiyə qədər küçələrdə qalacaqlarına söz verib.