Rusiya qoşunlarının Kyivə hücum etdiyi bir vaxt Rusiya rəsmiləri Ukraynanın Belqoroda ölümcül hücum həyata keçirdiyini deyirlər

Rusiyanın Belqorod vilayətinin rəsmiləri çərşənbə günü bildiriblər ki, Ukraynanın atəşi nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram-da yazıb ki, hücum Ukrayna ilə sərhədə yaxın olan Şebekino şəhərinə edilib. Qladkov bildirib ki, atəş nəticəsində bir çox yaşayış binası da zədələnib.

Ukrayna ordusu çərşənbə günü Rusiyanın gecə hücumlarında istifadə etdiyi altı raketdən beşini və 24 pilotsuz təyyarənin hamısını vurduğunu bildirib.

Ordu bildirir ki, raktlər və dronlar Dnepropetrovsk, Xarkiv, Kyiv, Poltava, Vinnitsa və Zaporojjya vilayətləri üzərində vurulub.

Hücumlar Ukrayna prezidenti Volodimir Zelenskinin alman qanunvericilərə müraciət edərək, Avropanın nəsillər boyu sülhə mane olan uzun müharibə tarixindən danışmasından bir gün sonra baş verib.

"Məhz buna görə də Avropanın mədəniyyət qitəsi olmaq, insanların qitəsi olmalı, müharibəsiz bir qitə olmaq arzusu böyül güc qazanıb", deyə o vurğulayıb. "Mən şəxsən bu cür Avropaya güvənirəm", Zelenski əlavə edib.

Ukrayna lideri bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə məsuliyyət daşımalıdır.

Çərşənbə axşamı Zelenski Almaniyanın ev sahibliyi etdiyi yenidənqurma konfransı çərçivəsində də çıxış edib və burada hava hücumundan müdafiə vasitələrinə və Ukraynanın enerji sisteminin yenidən qurulmasına ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya pilotsuz təyyarələri və raket hücumları qışdan bəri ölkənin enerji istehsalı imkanlarının yarısını məhv edib.

Zelenski həmçinin deyib ki, iki illik müharibədən sonra Ukrayna ordusu cəbhə xəttini və Qara dənizə çıxışı saxlaya biləcəyini nümayiş etdirib.

"Rusiyanın Ukrayna üzərindəki ən böyük strateji üstünlüyü hava üstünlüyüdür. Rus qoşunlarının quruda irəliləməsinə kömək edən şey raket və bomba terrorudur", Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna həmçinin hərbi və infrastruktur ehtiyacları üçün milyardlarla dollar yardım alacağını gözləyir.

Berlində keçirilən konfrans İsveçrədə keçiriləcək sülh konfransından bir neçə gün əvvələ təsadüf edir. Burada 90 ölkə və təşkilat sülh planının həyata keçirilməsi, Rusiya və Ukraynanı sülh prosesinə necə cəlb edə bilmək üçün çərçivə üzərində çalışacaqlar. Lakin Rusiya İsveçrədəki danışıqlarda iştirak etmir.