Azərbaycan və İran hərbi təlimlər keçirəcək

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan və İranda taktiki təlimlər keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, 2024-cü ilin planına uyğun, iyunun 12-də Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.

Rəsmi məlumatda qeyd edilir ki, təlimə şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq: “Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək.”

Açıqlamaya görə, hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.

Ötən ilin oktyabrında Azərbaycan və İran hərbi dəniz qüvvələri Xəzər dənizində birgə hərbi təlimlər keçirmək barədə razılığa gəlib.

2020-ci ildə, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

2023-cü il aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə həmin il mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

İran Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, 2024-cü ilin yanvarında cinayəti tərödən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarılıb. Diplomatik mənbələrdən Amerikanın Səsinə bəlli olduğuna görə, hökm hələ icra edilməyib.

Bununla yanaşı, son zamanlarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.

Daha sonra iki ölkənin hərbi və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.

Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Həmçinin bu il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, perspektivdə İranla münasibətlərin normallaşması çox uzun bir prosesdir.

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşaması üçün yeni variantlar axtarır”, təhlilçi qeyd edib.