Penitensiar Xidmətin əməkdaşlarının "Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlini Xətai Rayon Məhkəməsindən xüsusi üsul tətbiq edərək aparıldığı bildirilir. Bu barədə onun yaxınları bildirib. Yaxınları deyir ki, iyunun 6-da Həsənli məhkəmədən 1 saylı Bakı İstintaq Təcridxanasına aparılarkən zorakılığa məruz qalıb.
"Seymur və Ələddin adlı konvoy əməkdaşları Ülvi Həsənlinin əlini arxadan qandallayıblar. Seymur əli ilə onun başını zorla aşağı sıxaraq Xətai Rayon Məhkəməsinin binasından çıxarıb. Bu işgəncə metodu "Fələstin asması" adlanır. Jurnalistlər Ülvini görüb çəkə bilməsinlər deyə ediblər. Ülvi etiraz etdikcə isə itələyərək zorla aparıblar. Bu, artıq ikinci dəfədir ki, baş verir", deyə Ülvi Həsənlinin ailə üzvləri qeyd edib.
Penitensiar Xidmət belə iddiaların yalan olduğunu bildirir.
"Müdafə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Azərbaycan hakimiyyəti son dövrlərdə mediaya qarşı dözümsüz münasibət göstərir. Onun sözlərinə görə, araşdırmaçı jurnalistlərə xüsusi repressiv münasibət var:
"Abzas Media" mövcud sistemin korrupsioner mahiyyətini cəmiyyətin mühakiməsinə təqdim edirdi, buna görə də Ülvi Həsənli və Sevinc Vaqifqızı hakimiyyətin repressiv mərkəzinin xüsusi diqqətində idi. Həbsdə də "Abzas Media" rəhbərliyinə qarşı xüsusi zorakı münasibət ortadadır. Məhkəmə qapalı keçirilir, jurnalistlər məhkəməyə buraxılmırlar və insanlar məhkəmə binasından xeyli kənarda gözləyirlər. Təxminən 100 metrlik məsafədən medianın hansısa görüntülər götürməsi belə hakimiyyətin marağında deyil".
Rüfət Səfərov hesab edir ki, bütün bu zorakı davranışlar "Abzas Media"nın azad fəaliyyəti, sorğulayan jurnalistika işi ilə bağlıdır.
"Unutmamalıyıq ki, Ülvi Həsənli bir neçə ay əvvəl saxlanılarkən də zorakılığa məruz qalmışdı, onun üzündə xəsarətlər vardı. Hüquq müdafiəçisi olaraq bu halı pisləyir, Azərbaycan hakimiyyətini Konstitusiyada və Avropa Konvensiyasında nəzərdə tutulmuş təməl hüquqlara hörmət etməyə çağırıram. Mediaya, mətbuat və məlumat azadlığına ehtiram ruhunda siyasət aparmağa səsləyirəm. Jurnalistlərdən, araşdırmaçı mediadan əl çəkməklərini tələb edirəm", deyə Səfərov qeyd edib.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.