İyunun 7-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Dəyişikliklər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və maliyyə naziri Samir Şərifov məlumat verib.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.
Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır. Bu da 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 8,9 faiz çoxdur.
Məlumata görə həmin xərclərin bir sıra prioritet istiqamətlərə, o cümlədən azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, infrastruktur və digər layihələrin maliyyə təminatı üçün 1 milyard 184 milyon manat, beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər üzrə 499 milyon manat, zəruri əsaslı xərclər, təmir və sair üçün 146 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, yenilənmiş proqnoz cari ilin dövlət büdcəsinə də dəyişikliyi zərurətə çevirib.
Nazir bildirib ki, dünya neft və qaz bazarında qiymət konyekturası və digər gəlirlər nəzərə alınaraq hökumətin makroiqtisadi proqnozları yenilənib və ÜDM 121.3 milyard manat və ya əvvəlkindən 3 milyard manat çox proqnozlaşdırılıb.
"İcmal və dövlət büdcələrində yenidən baxılma ilə düzəlişlərin əsas hədəfi ölkəmizin artan gəlirləri hesabına Prezidentin müəyyən etdiyi prioritet dövlət vəzifələrinin və inkişafın gündəliyində duran digər məsələlərin həlli üçün əlavə maliyyə mənbələrinin yaradılmasıdır", - deyə nazir qeyd edib.