İyunun 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransı keçirib.
İclasda Azərbaycan-Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, enerji, o cümlədən yaşıl enerji məsələləri, qarşılıqlı investisiyaların təşviqi əsas müzakirə mövzusu olub. Nazirlərin görüşündə Azərbaycan-Ermənistan sülh danışıqıları və Macarıstanın Avropa İttifaqına iyul ayından başlanacaq 6 aylıq sədrliyi dövründə aparacağı siyasətin prioritetləri gündəlikdə olub.
Bu gün həmçinin iki dövlət arasında strateji dialoq üzrə yekun protokolu və xarici işlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və digər sahələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişafı edir. Enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlıq da inkişaf etdirilir.
“Macarıstanla bütün istiqamətlər üzrə gözəl münasibətlərimiz mövcuddur. Avropa bazarında Azərbaycan qazının alıcıları arasında Macarıstan da var. Biz Macarıstanla birlikdə “Həmrəylik Halqası" çərçivəsində də əməkdaşlıq edirik", o qeyd edib.
Bayramovun sözlərinə görə, Macarıstan Bakı-Tbilisi-Ceyhan layihəsində 8,9 faiz paya malikdir. O Macarıstanın “Şahdəniz” yatağına da iştirakçı qismində daxil olduğunu bildirib.
Nazirin dediyinə görə, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında fəal iştirak edir.
“Macar şirkətləri tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulması həyata keçirilir”.
Bayramov Macarıstanda azərbaycanlı tələbələrin sayının ilbəil artdığını da qeyd edib.
“Artıq 1300-ə yaxın azərbaycanlı tələbə macar hökuməti tərəfindən ayrılan təqaüd proqramından faydalanır. Layihə bu yaxınlarda daha da uzadılıb”.
Nazir Bayramov Azərbaycan-Ermənistan sülh prosesindən danışarkən sülh müqaviləsinin layihəsi ilə bağlı Ermənistandan cavab aldıqlarını təsdiq edib.
“Biz burada müsbət mesajlar gördük. Cavabın məzmunu açıq qalan məsələlərin sayının azaldığı və müsbət dinamika müşahidə olunduğu haqqında nəticə çıxarmağa imkan verir", o qeyd edib.
O, iki ölkə arasında dövlət sərhədinin Qazax və Tavuş rayonlarının kəsişməsindəki hissəsinin delimitasiyasını və demarkasiyasını daha bir müsbət məqam adlandırıb.
“Azərbaycan sülh gündəliyinə sadiqdir və bu istiqamətdə müvafiq addımlar atılır”, o qeyd edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib ki, ölkəsi iyulun 1-dən Avropa İttifaqının sədri kimi fəaliyyət göstərəcək.
“Çalışacağıq ki, dövlətlər arasında sülh və əməkdaşlıq hökm sürsün. Düşünürük ki, Avropa Sülh Fondundan Ermənistana 10 milyon dollarlıq yardım göstəriləcəksə, bu, Azərbaycana da edilməlidir”, o qeyd edib.
Nazir həmçinin deyib ki, Macarıstanın sədrliyi dövründə Avropa İttifaqının siyasətinin əsas prioriteti ittifaqın Qərbi Balkan ölkələri istiqamətində genişlənməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə və Avrora İttifaqında rəqabətin davamlılğının artırılması istiqmətləri olacaq.
Onun fikirncə, Avropa İttifaqının münasibətlərində siyasət iqtisadi-ticarət münasibətlərdən ayrılmalıdır.
Nazir yeni dünya nizamından danışarkən bildirib ki, dünya yenidən bloklara bölünə bilər. O bu zaman Macarıstanın sərhədlərinə yaxın ərazidə Rusiya-Ukrayna müharibəsinin artıq iki ildən çoxdur davam etdiyini yada salıb.
“Bu da hər kəs üçün problem yarada bilər. Biz əməkdaşlığa köklənmək istəyirik. Azərbaycan-Macarıstan münasibətləri buna ən böyük nümunədir. Ölkələrimiz arasında etimad mühiti mövcuddur”.
Nazir deyib ki, Macarıstan Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlıdır.
“Bu xüsusda mövcud potensialdan istifadə zəruridir. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunuq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu vardır. Azərbaycan Macarıstanın da enerji təhlükəsizliyində önəmli aktordur”, o qeyd edib.