“Toplum TV”-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində qardaşının səhhəti, həbsxana şəraitində müalicəsi və müayinəsindən danışıb.
Amerikanın Səsi: Qardaşınız Ələsgər Məmmədli ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ Dövlət Departramentinin çağırışlarına Azərbaycan hökumətinin reaksiyasını necə qiymətləndrirsiniz?
Nəsimi Məmmədli: Təəssüf ki, Azərbaycan hökümətinin beynəlxaql qurumların, xüsusilə də ABŞ-da daxil olmaqla onların insan hüquqları ilə bağlı çağırışlarına verdiyi reaksiya qənaətbəxş deyil. Daha çox bu tip məsələlər ortaya çıxanda çalışırlar ki, bunu hansısa geosiyasi amillər ilə əlaqələndirib, təsirini xeyli dərəcədə azaltsınlar. Amma Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı çox ciddi problemlər var. Azərbaycanda faktiki 300-dən artıq siyasi məhbus var. Tendensiya da onu göstərir ki, bunun azaldılması istiqamətində addım atılmır. Belə olan təqdirdə Azərbaycan hökümətinin verdiyi reaksiya düşünürəm ki, beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır.
Amerikanın Səsi: Hazırda həbsxana şəraitində qardaşınınızın müayinə və mülaicəsi ilə bağlı aparılan işlər ailənizi qane edirmi? Əlsəgər Məmmədlinin özü necə, bundan razıdırmı?
Nəsimi Məmmədli: Əslində nə bizi, nə ailənin digər üzvlərini, nə də Ələsgər bəyi qane etmir. Faktiki orada müalicə aparılmır. Həbsdən öncə onun üçün müəyyən edilmiş müalicə ki, var idi, biz özümüz onunla bağlı dərmanları təcridxanaya göndərirdik, onu qəbul edirdi. Təcridxanda da onun müayinəsi həyata keçirildi. Müayinə həyata keçirildikdən sonra, demək olar ki, onun həbsxana şəraitində müalicəsi müəyyənləşdirilməyib. Nə də həbsxanadan kənarda müalicəsi üçün şərait yaradılmır. Xüsusilə də onun qalxana bənzər vəzində 23 millimetrlik bir düyün var. O nəfəs almağa çətinlik çəkir. Faktiki olaraq, onun sağlamlığına ciddi təsirlər göstərir. Gələcəkdə o şişin xarakterini dəqiqləşdirmək üçün, onun xərçəng olmasının ən azı 50-75 faiz ehtimalı var. Bunun müəyyənləşdirilməsi üçün iynə biopsiyası edilməlidir. Bu şərait isə təcridxanada yoxdur. Ələsgər bəy xüsusilə vurğulayır ki, onun nəinki hüquqları pozulur. Eyni zamanda səhhəti ilə bağlı da ona çox ciddi problemlər yaradılır.
Amerikanın Səsi: Sizcə Ələsgər Məmmədli ilə bağlı aparılan ibtidai istintaqın uzanmasının səbəbləri nədir? Məhkəmələr hansı səbəblərdən onun barəsində həbs qətimkan tədbirinin, ev dustaqlığı imkan tədirinə dəyişdirilməsi ilə bağlı qərar qəbul etmir?
Nəsimi Məmmədli: Əslində, Ələsgər bəy həbs ediləndən keçən müddət ərzində onunla bağlı bir dəfə də olsun istintaq hərəkətləri aparılmayıb. Yəni həbs ediləndən bu günə qədər özü də ifadə vermək fikrində olmayıb. Çünki irəli sürülən ittihamları qəbul etmir. Tamamilə qondarma, heç bir məhkəmə prespektivi olmayan bir iş kimi baxır. O dəfələrlə deyir ki, bununla bağlı hüquqi köməyə ehtiyacı yoxdur. Çünki məsələnin mahiyyətində hüquqi çalar yoxdur. Səhhətində problem olmasına baxmayaraq haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı addım atılmır.
Amerikanın Səsi: Son əfvdən sonra müşahidəçilər ölkədə siyasi məhbus hesab edilənlərin sayının artacağını güman edir. Siz necə düşünürsünüz?
Nəsimi Məmmədli: Təbii ki, bu, sonuncu əfv sərəncamınadək cəmiyyətdə müəyyən bir gözlənti var idi ki, bəlkə bu, siyasi məhbus probleminə son qoya bilər. Amma hakimiyyətin yanaşması onu göstərir ki, onlar hələ bu istiqamətdə addım atmağa hazır deyil. Amma siyahının da çox radikal şəkildə böyüyəcəyini də zənn etmirəm. Çünki noyabr ayında Azərbaycanın keçirəcəyi tədbirlər var. Xüsusilə COP 29 -a görə, beynəlxalq təzyiqlər də xeyli artıbdır. Amma hər halda 300 nəfərdən artıq siyasi məhbusun olması da çox böyük rəqəmdir.
Qeyd: Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən vəkil Aqil Layıca göndərilən məktubda deyilir ki, aprelin 26-da Ələsgər Məmmədli əlavə müayinələrə cəlb edilib. Vəkilin məktubda yazılanların həqiqətə uyğun olmadığını deyir.
Ələsgər Məmmədli martın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl, martın 6-da "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.