Mayın 31-də Bakı Ağır Cinayətlər məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin məhkəmə prosesi davam edib.
Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında 3 şahid dindirilib. Şahidlərin ifadəsindən sonra Bəxtiyar Hacıyev və vəkilləri onlara suallar verib.
Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyev şahidlərdən birinin yalan ifadə verdiyini iddia edib:
"Məhkəmə icraatçısı ifadə verdi. O ifadəsində "heç nə görməmişəm", "heç nə yadımda deyil", "mən filankəsdən eşitdim" kimi ifadələrlə çıxış etdi. Həm Bəxtiyar Hacıyev, həm də vəkilləri o şəxsin şahid siyahısından çıxarılmasını tələb etdi. Digər iki şahid isə Bəxtiyar Hacıyevin təhsil müəssisəsində çalışan müəllimlər idi. Onlar hansı şərtlərlə işlədiklərindən danışdılar. Hər şey Bəxtiyar Hacıyevin ilkin ifadəsini təsdiq edirdi".
Bəxtiyar Hacıyev çıxışında səhhətindəki problemlərlə əlaqədar ciddi müayinəyə ehtiyacı olduğunu bildirib.
Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, məhkəmə iclasında Bəxtiyar Hacıyev 5 vəsatət qaldırıb:
"Bəxtiyar Hacıyev ona qarşı irəli sürülən ittihama xitam verilməsini tələb etdi. Çünki ötən iclasda Bəxtiyar ifadə verərkən qeyd etmişdi ki, Daxili İşlər Nazirliyi saxta elektron poçt ünvanından gələn məktub əsasında araşdırmaya başlayıb. Bu araşdırmalar əsasında Bəxtiyar Hacıyevə qarşı müxtəlif ittihamlar irəli sürülüb. Bəxtiyar vəsatət qaldırdı ki, yaxınları avtomobilində sənədlərin arasında həmin elektron poçt ünvanının sahibi Bəxtiyara göndərdiyi başqa bir məktub tapıblar. Məktubda bildirilib ki, DIN saxta məlumatları mənim ünvanımdan sənə göndəriblər. Mən bildirirəm ki, həmin informasiyalar saxtadır. Bu vəsatəti də məhkəmə təmin etmədi".
Növbəti məhkəmə prosesi iyunun 7-nə təyin edilib.