Güneyli mədəni fəal Sina Əxtəriyə ittihamlar irəli sürülüb

Sina Əxtəri Şişəvan

Şərqi Azərbaycan vilayətinin Əcəbşir şəhərindən olan Sina Əxtəri Şişəvan mayın 15-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) məlumatına görə, Sina Əxtəri həmin tarixdə bir sutkalıq həbsdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Lakin Əcəbşir Ümumi və İnqilab Məhkəməsinin Prokurorluğu Əxtəriyə qarşı açılan iş üzrə ona qarşı iki ittihamın irəli sürüldüyünü bildirib.

Həmin məhkəmədə, o, "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" və "virtual məkanda məlumat dərc etmək vasitəsilə ictimai rəyi çaşdırmaq" ittihamları ilə üzləşib.

İnsan haqları üzrə fəaliyyət göstərən İranhrs (Iran Human Rights Society) saytında dərc olunan məlumata görə, Sina Əxtəri İran hakimiyyətinin liderlərinin mizoginist (qadın düşmənliyi) nəzəriyyələrinin rəddi məzmununda məqalə yazıb. Həmin məqalədə, o, İran və qabaqcıl cəmiyyətlərdə qadınların hüquqlarını müqayisə edib.

Sina Əxtərinin 1998-ci ildə dünyaya gəldiyi və elektronika fakültəsini bitirdiyi bildirilir.

İranda sosial media təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən izlənilir. Ölkədə bütün qlobal sosial media platformaları qadağan edilib.