Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 30-da Azərbaycanla bağlı 2 yeni qərarını elan edib. Məhkəmə hər iki ərizəni qəbuledilməz hesab edib.
“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Azərbaycana qarşı” işi ərizəçi qeyri-hökumət təşkilatının ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair qaldırdığı iddia ilə bağlıdır.
Azərbaycanda Avropa Məhkəməsi qərarlarının monitorinqini aparan Aihmaz.org bildirir ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrinin neft hasilatı prosesində qrunt sularını haraya yönləndirilməsi və kompleks qazma işləri zamanı yaranan şlamın saxlanması və zərərsizləşdirilməsi barədə bilgiləri əldə etmək üçün informasiya sorğusu göndərib.
Ancaq Dövlət Neft Şirkətinin vitse-prezidentlərindən biri ərizəçiyə tələb olunan informasiyaları verməkdən imtina edən cavab göndərib və bildirib ki, “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, SOCAR “informasiya sahibi” deyil.
Ərizəçi məhkəməyə müraciətində SOCAR-ın “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxs” olduğunu, buna görə də ictimai maraq kəsb edən məlumatlara çıxışı təmin etmək vəzifəsi daşıdığını iddia edib. Ərizəçi məhkəmədən xahiş edib ki, SOCAR-ın üzərinə tələb olunan informasiyaları ona təqdim etmək vəzifəsi qoyan qərar qəbul etsin. Səbail Rayon Məhkəməsi ərizəçinin iddiasını rədd edib, yuxarı məhkəmələr həmin qərarı qanuni sayaraq, qüvvədə saxlayıb.
Bundan sonra Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Avropa Məhkəməsi qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair iddia qaldırıb.
AİHM bu gün elan etdiyi qərarında bu ərizəni qəbuledilməz sayıb. Məhkəmə qərarında xatırladıb ki, “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi şəxsə dövlət orqanında olan məlumatlara çıxış hüququ vermir və dövləti həmin şəxsə bu cür məlumat verməyə məcbur etmir. Ancaq belə hüquq və ya öhdəlik məlumatın açıqlanması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə nəzərdə tutulduqda və ya informasiyaya çıxış şəxsin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi hallarda yarana bilər.
Məhkəmə ərizəçinin istədiyi məlumatların ictimai maraq doğura bilən məlumat ola biləcəyini təsdiqləsə də, ərizəçinin məlumatı hansı məqsədlə istədiyini yerli qurumlar qarşısında, habelə AİHM qarşısında lazımi qaydada əsaslandırmadığı qənaətinə gəlib və Konvensiyanın 10-cu maddəsinin bu işə tətbiq edilə bilməyəcəyini bildirib.
“Hazırkı işdə, iş materiallarında məlumat sorğusunun surətinin olmadığını nəzərə alsaq, ərizəçinin SOCAR-dan məlumat almaqda öz dəqiq məqsədini göstərdiyini müəyyən etmək olmur. Bundan başqa, ərizəçi təşkilat birinci instansiya məhkəməsinə məlumatı niyə istəməsinin məqsədini izah etməyib”, Məhkəmə qeyd edib.
AİHM həmçinin, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun baş vermədiyi qənaətinə gəlib.
“Ərizəçi təşkilata öz faktiki və hüquqi arqumentlərini daxili məhkəmələr qarşısında qaldırmaq imkanı verilib. Həmin arqumentlər daxili məhkəmələr tərəfindən araşdırılıb və onlar öz qərarlarında ərizəçi təşkilatın iddiasının rədd edilməsinin əsaslarını göstəriblər”, qərarda qeyd edilir.
AİHM Azərbaycandan göndərilən digər bir ərizəni də qəbuledilməz hesab edib.
“Rüstəmova Azərbaycana qarşı” işində ərizəçi Dursun Rüstəmova 1992-ci ildə əvvəllər yaşadığı Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məcburi köçkün kimi Ağcabədi rayonuna, sonra Sumqayıta köçüb.
O, Sumqayıt Dəmiryolu Stansiyası ərazisində tikdiyi evin 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən polisin köməyi ilə söküldüyü, beləliklə onun mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia edib. Azərbaycan hökuməti isə ərizəçinin ərazidə qanunsuz məskunlaşdığını və onun bələdiyyəyə məxsus ərazidə qanunsuz tikinti işləri aparmasının qarşısının alındığını bildirib.
Avropa Məhkəməsi ərizəçinin mülkiyyətlə bağlı zəruri sübutları və digər sənədləri təqdim edə bilməməsini əsas göstərərək ərizəni qəbuledilməz hesab edib.