Jurnalistin şikayəti təmin edilməyib

Əziz Orucov

Mayın 27-də Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində verilmiş 1 aylıq həbs qərarını qüvvədə saxlayıb.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.