Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar mina təmizləmə mövzusunda işçi görüşü keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycan Ordusunun azad edilmiş çətin relyefə malik ərazilərdə xidmətinin təşkili barədə məlumat verilib.
Görüşdə, həmçinin minalar, əldəqayırma partlayıcı qurğular və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün hər iki ölkənin silahlanmasında olan texnika, eləcə də mühəndis bölmələrinin təchizatı və digər zəruri mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.