İranın Qərbi Azərbaycan vilayətində siyasi fəal Vəliüllah Zöhrabi (Oxtay) təhlükəsizlik polisi şöbəsində dindirilib.
Araz News xəbər saytı və insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi kimi mənbələrə istinadən, Qoşaçay (Miyandab) şəhərinin sakini Zöhrabi telefon vasitəsi ilə təhlükəsizlik şöbəsinə çağırılıb.
O, bazar günü İranın təhlükəsizlik polisinin Miyandab şöbəsində bir neçə saat sorğu-sual edilib.
Vəliüllah Zöhrabi keçən təqribən 20 il ərzində dil hüquqları uğrunda fəaliyyətləri və milli-mədəni tədbirlərə qatılması səbəbi ilə dəfələrlə İranın təhlükəsizlik orqanları tərəfindən təzyiq və təqibə məruz qalıb.
Son aylar İranın məhkəmə və təhlükəsizlik orqanları İran Azərbaycanı, eləcə də Tehran, Əlburz və Gilan kimi vilayətlərdə yaşayan türk fəallara təzyiqləri artırıblar.
Fevral ayının ilk həftəsində həmin vilayətlərdə saxlanılıb və Tehranın Evin həbsxanasına göndərilən 30-a yaxın fəallardan bir neçəsinin həbsi hələ də məhkəmə hökmü olmadan davam edir.
Təhlükəsizlik qüvvələri xüsusilə İran Azərbaycanının sərhəd vilayətlərində fəaliyyət göstərən milli fəallara telefon vasitəsi ilə şöbələrə çağırıb və məhkəmə qərarı olmadan onları sorğu-sual edirlər.