Azərbaycanın cənub bölgəsində 5,2 maqnitudalı zəlzələ olub

Azərbaycanda zəlzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)

Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli yerli mediaya açıqlamasında bildirib ki, Lənkəran rayonunda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər.

Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir ki, zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", məlumatda deyilir.