Ülvi Həsənli, Sevinc Vaqifqızı və İmran Əliyevin ev dustaqlığı ilə bağlı vəsatətləri təmin edilməyib

Your browser doesn’t support HTML5

Mayın 9-da Xətai Rayon Məhkəməsində “Abzas Media” saytının direktoru Ülvi Həsənlinin, saytın baş redaktoru Sevinc Vaqifqızının, o cümlədən "Meclis.info" saytının rəhbəri İmran Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə prosesi keçirilib.

Vəkillərin Amerikanın Səsinə verdiyi məlumata görə, ayrı-ayrı vaxtlarda keçirilən məhkəmələrdə vəsatətlər təmin olunmayıb.

Sevinc Vaqizqızı Xətai rayon məhkəməsinə gətirilərkən.

“Sevinc Vaqifqızı məhkəmədə dedi ki, onun həbs edilməsinə heç bir əsas yoxdur. Onun həbsi araşdırma yazılarına görədir. Azad mətbuatın boğulmasıdır”, vəkil Elçin Sadıqov bildirib.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, saytın direktoru artıq 7 aya yaxındır həbsdədir, lakin onunla bağlı heç bir istintaq hərəkəti keçirilmir.

“Məhkəməyə müraciət etdik ki, ev dustaqlığı qətimkan tədbiri seçilsin, istintaq çağıranda o məhkəmədən yayınmayacaq, məhkəməyə gələcək. Yox, əgər istintaqdan və məhkəmədən yayınarsa, o zaman barəsində başqa qətimkan tədbiri seçilsin. Çox təəssüf ki, məhkəmə bizim vəsatətimizi təmin etmədi”, deyə, vəkil bildirib.

Ülvi Həsənli məhkəmədə deyib ki, onun barəsində açılmış cinayət işi əsassızdır və heç bir cinayət törətməyib.

Ülvi Həsənli Xətai rayon məhkəməsindən aparılarkən.

Zibeydə Sadıqova “Meclis.info” platformasının rəhbəri İmran Əliyevin də vəkili kimi məhkəməyə ev dustaqlığı ilə bağlı müraciət etdiklərini, lakin məhkəmənin vəsatətlərini təmin etmədiklərini qeyd edib:

“İmran Əliyev də indiyədək heç bir cinayət əməlində ittiham olunmayıb, o birinci dəfədir həbs olunur”.

Vəkillər həmçinin hüquqlarını müdafiə etdiyi şəxslərlə bağlı hazırda ibtidai istintaq hərəkətlərinin aparılmadığını deyiblər.

Vəkillərin bu dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib. Bununla yanaşı, rəsmi qurumlar ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma bunlar hələ baş verməyib.

Onlar bu məhkəmə qərarından apellyasiya şikayəti vərəcəklərini bildiriblər.

İmran Əliyev Xətai rayon məhkəməsindən aparılarkən.

Xatırlatma

“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Aprelin 18-də “Meclis.info” saytının rəhbəri İmran Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

Aprelin 26-da İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini həbs edilən jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.