Demokratik Qüvvələrin Milli Şurası mayın 19-a yeni mitinq təyin edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.
AXCP sədri bildirib ki, bir neçə aydan sonra məhbəslərində 300 nəfərə qədər siyasi məhbusun olduğu ölkədə Milli Məclisə yeni seçkilər keçiriləcək:
"Əgər indiki vəziyyət olduğu kimi qalacaqsa, bu mühitdə heç bir seçkidən söhbət gedə bilməz. Deməli, hakimiyyət növbəti dəfə seçki əvəzinə seçki şousu keçirməyi planlayır. Məhz ölkəmizdə daha bir seçkinin də xalqdan oğurlanmaması üçün aprel ayının əvvəlindən "azad seçki!" tələbilə mitinqlər təyin edirik. Rejim hələ də dinc mitinqlərə imkan vermir. Biz 19 may tarixinə növbəti mitinqi təyin etmişik".
Kərimlinin sözlərinə görə hakimiyyət mitinqləri qadağan etməklə parlament seçkisinin də üstündən xətt çəkmiş olur.
"Sərbəst toplaşmaq azadlığının, azad mətbuatın, seçki komissiyalarında müxalifətin təmsilçilərinin olmadığı, ancaq 300 nəfərə yaxın siyasi məhbusun olduğu ölkədə gerçək seçkidən söhbət belə gedə bilməz. Milli Şuranın 19 may tarixinə təyin etdiyi mitinq qarşıdan gələn parlament seçkilərinin heç olmasa qismən azad şəraitdə, rəqabət mühitində keçirilə bilməsi üçün bəlkə də son şansdır. Xalqımız hamılıqla rejimdən azad, ədalətli seçki tələb etməlidir. Rejim də məsuliyyət hissini tam itirməməli, nəhayət, dinc mitinqlərə mane olmamalıdır. Seçki saxtakarlığına yox deyirik, azad, ədalətli seçki tələb edirik", deyə o, qeyd edib.
Bundan öncə Milli Şura aprelin 21-ə, daha sonra isə mayın 5-ə mitinq təyin edib, lakin BŞİH həmin mitinqlərin keçirilməsi ilə bağlı müraciətə müsbət cavab verməyib, buna görə də Şura yeni tarix təyin edib.
Mitinqin əsas tələbləri siyasi məhbuslara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılması olacaq.
Azərbaycanda sonuncu kütləvi mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak ediblər. Daha sonra hökumət həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.
Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.
Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatına görə, ölkədə 288 siyasi məhbus var.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.
Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.