AŞPA Anar Məmmədlinin həbsi ilə bağlı dərin narahatlıq ifadə edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri tanınmış insan hüquqları müdafiəçisi Anar Məmmədlinin həbsi ilə bağlı dərin narahatlıq ifadə ediblər.

“Biz Azərbaycan hakimiyyətini bu işə dərhal yenidən baxmağa və cənab Məmmədlinin insan haqları sahəsində dəyərli fəaliyyətinə görə cinayət təqibinə məruz qalmamasını təmin etməyə çağırırıq”, AŞPA-nın Monitorinq və İnsan hüquqları Komitələrinin ölkə üzrə məruzəçiləri Liz Kristoffersen, İan Liddel-Qreyncer və Hanna Bardell birgə bəyanatda qeyd ediblər.

Məruzəçilər Vatslav Havel insan hüquqları mükafatı laureatı Anar Məmmədlinin əvvəllər də insan hüquqları sahəsində fəaliyyətinə görə təqiblərə məruz qaldığını, qondarma ittihamlarla mühakimə olunduğunu bildiriblər.

“Onun vəkili həbsin Abzas Media jurnalistlərinin işi ilə əlaqəli olduğunu bildirib ki, [Abzas media işi] müstəqil vətəndaş cəmiyyəti tərəfindən geniş şəkildə siyasi motivli hesab olunur”, bəyanatda vurğulanır.

Aprelin 29-da uşağını bağçadan götürməyə gedərkən mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində məhkəmə aprelin 30-da “qaçaqmalçılıq” ittihamı ilə 3 ay 28 gün həbs qətimkan tədbiri seçib.

Vəkili Elmar Süleymanov bildirib ki, Anar Məmmədli məhkəmədə ittihamı qondarma adlandırıb.

“Biz ittiham tərəfinin tezislərini bir-bir təhlil etdik. Belə bəlli oldu ki, ittiham tərəfinin tezislərini sübut edəcək nəinki mötəbər, ümumiyyətlə sübut yoxdur. Bu ittiham sabun köpüyü kimi bir şeydir”, vəkil bildirib və əlavə edib ki, iclasın audio və video yazısı aparılmayıb.

Anar Məmmədlinin həbsi Azərbaycana insan hüquqlarının vəziyyətinə dair beynəlxalq çağırışların artdığı dönəmə təsadüf edir.

Avropada Hüquqların Müdafiəsi Kampaniyası (CURE) bazar ertəsi Avropa Şurasının Baş katibinə və Nazirlər Komitəsinə çağırış edərək Anar Məmmədlinin sərbəst buraxılması üçün Avropa Şurasının “cəld və güclü reaksiyası”na ehtiyac olduğunu qeyd edib və təkcə, AŞPA-nın reaksiyası ilə kifayətlənməməyə çağırıb.

Bu ilin yanvar ayında AŞPA insan hüquqlarının vəziyətinin kəskin pisləşməsi, o cümlədən vətəndaş cəmiyyətinə qarşı təqibləri əsas gətirərək, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxıb. Avropa Məhkəməsi onun işinin siyasi siyasi motivli olduğuna dair qərar çıxarıb.

Anar Məmmədli 2014-cü ildə həbsdə olarkən AŞPA-nın Vatslav Havel insan hüquqları mükafatına layiq görülüb.