Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı narahatlıq ifadə edib və jurnalistlər və fəalların azad edilməsinə çağırıb.
"Azərbaycanda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanması müstəqil jurnalistlər və fəalların həbsləri silsiləsinin sonuncusudur və Avropa İttifaqı üçün narahatlıq doğurur", Peter Stano X platformasında yazıb.
"Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir" - deyə, o qeyd edib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli aprelin 29-da bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə Məmmədlinin polis tərəfindən saxlanıldığını təsdiq edib.
"Anar Məmmədli saxlanılıb, hazırda barəsində araşdrıma aparılır", o qeyd edib.
Bu arada, Anar Məmmədlinin yaxınlarından biri Amerikanın Səsinə deyib ki, o, uşağını uşaq bağçasından götürməyə gedərkən Bakının Nərimanov rayonu ərazisində, Teymur Əliyev küçəsində saxlanılıb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə Anar Məmmədlinin evində axtarış aparıldığını bildirib. “Məni Anar Məmmədlinin axtarış aparılan evinə buraxmırlar, Anar Məmmədli ilə görüşümə imkan vermirlər. Sadəcə telefonla mənə bildirdilər ki, Anar Məmmədli “Abzas Media” nəşrinin cinayət işi üzrə şahid qismində saxlanılıb, evində axtarış-götürmə əməliyyat tədbiri həyata keçirirlər”, vəkil qeyd edib.