İctimai fəal Abid Qafarov Şüvəlandakı evinə mülki geyimli polislər tərəfindən basqın edildiyini deyir. Bu barədə Abid Qafarov şəxsi Facebook səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, yaşlı qaynatasına və qaynanasına təzyiq edilib: “Mülki geyimli polislər Şüvəlandakı evimdən müəllifi olduğum “Andaluniya” və “Mələyin Ölümü” kitablarını qanunsuz olaraq götürüb. Evdən əlavə olaraq, bir ədəd köhnə laptop, evin video yaddaş qurğusu, həmçinin, sənədlə sahibi olduğum “İJ” markalı stend atışı üçün nəzərdə tutulmuş tüfəngim və sənədi da götürülüb". O, qayınatası Əlipənah Haşumovun naməlum istiqamətə aparıldığını bildirir.
Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Abid Qafarovun “Tərtər işi” üzrə real hadisələrdən bəhs edən “Andalunya” əsəri çap edildikdən, sərgidə satışı başladıqdan sonra hakimiyyət dairələri narahat olublar. Abid Qafarov müəllifi olduğu kitabın nüsxələrinin 27-28 aprel tarixlərində Elmlər Akademiyası parkında “Oxu” kitab sərgisi zamanı müsadirə olduğunu bildirib. Romanı sərgiyə Tərtər hadisələrində zərərçəkmiş Ruslan Fərzəliyev aparıb.
Onun sözlərinə görə, sərginin sonunda Ruslan Fərzəliyev mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Yazıçı deyir ki, daha sonra Ruslan Fərzəliyev sərbəst buraxılıb, amma “Andaluniya” kitabının 42 nüsxəsi müsadirə edilib.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Abid Qafarov ötən il iyunun 1-də azadlığa buraxılıb. O, 2022-ci il iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib. İddiaçılar - müharibə veteranları Qafarovun “itaətkar” olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab edib. Hüquq müdafiəçiləri hesab edir ki, Qafarovun həbsi “Tərtər işi”ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.
Hüquq müdafiəçiləri Qafarovu siyasi məhbus kimi tanıyıb. Abid Qafarov azadlığa çıxdıqdan sonra ailəsi ilə birlikdə mühacirətə gedib.