İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində qeyri-hökumət qadın sığınacağı möhürlənib və fəaliyyətini davam etdirməsinin qarşısı alınıb.
Fatimə Babaxani Qeyri-hökumət "Mehr Şəms Afərid" qadın sığınacağının rəhbəri bu barədə X hesabında məlumat verib.
Urmiyənin Rifah İdarəsinə bağlı səlahiyyətlilər və işçilər aprelin 27-də həmin sığınacağa daxil olduqdan sonra bu sığınacaq yerini möhürləyərək, zorakılığa məruz qalmış və bura sığınan bütün qadın və qızları təxliyə ediblər.
Bu qurumun rəhbəri “Şərq” qəzetinə bildirib ki, Rifah İdarəsi bunu idarədən kənar təzyiqlər nəticəsində edib. Babaxani müsahibəsində bildirib ki, vilayətin Rifah İdarəsinin baş direktoru onu çoxdan bu qurumu bağlamaqla hədələyib.
"Baş direktor mənə deyirdi ki, yaxşı hicabın yoxdur, düşmənçilik edirsən və kiber məkanda adət-ənənəyə, şəriətə zidd davranıb, nizama qarşı yazırsan." - deyə, qadın sığınacağının rəhbəri əlavə edib.
O, həmçinin Rifah İdarəsinin əməkdaşlarının bu quruma daxil olmasının və onları başqa yerə köçürmələri oradakı qadınlarda dəhşətə səbəb olduğunu bildirib və bu qurumun bağlanması ilə bağlı nə məhkəmə hökmünün, nə də yazılı sərəncamın ona göstərildiyini bildirib.
O bundan sonra da mümkün qədər “qorxu salan və qanunsuz davranışlara” qarşı fəaliyyətini davam etdirəcəyini bildirib.
Bu qadın sığınacağı təxminən 3 il əvvəl qanuni şəkildə fəaliyyətə başlayıb və çoxlu sayda məişət zorakılığına məruz qalmış qadına kömək edib.