Hüquq müdafiəçiləri Tehranın Evin həbsxanasında 5 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları müdafiəçisi Əsgər Fərəcinin səhhətinin yaxşı olmadığını bildirirlər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Araz News kimi mənbələrə istinadən, bel ağrısından əziyyət çəkən siyasi fəal lazımi tibbi yardımdan məhrumdur.
Əsgər Fərəci 2022-ci ilin iyun ayından bəri Evin həbsxanasının 8-ci bölməsində saxlanılır.
“Məhbusun ailəsinə yaxın bir mənbənin dediklərinə görə, cənab Fərəci ağır bel ağrısından əziyyət çəkir. Ancaq onun vəziyyətini əlaqədar məsullara bildirməsi və ailəsinin dəfələrlə onun tibb mərkəzlərinə göndərilməsi üçün müraciətlərinə rəğmən, o, hələ də lazımi müalicədən məhrum edilir,” HRA agentliyi bildirib.
Fərəci 2019-cu ilin ilk aylarında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və daha sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.
O, həmin il Tehran İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 7 il, “qanunsuz qruplaşmaya üzv olmaq”-dan 6 il, “nizama qarşı təbliğat” ittihamı ilə bir il dörd ay və “ictimai rəydə təşviş yaratmaq” ittihamı ilə isə 3 il həbs və əlavə olaraq türk icmasının yaşamadığı bölgələrdə 2 il sürgün cəzasına məhkum edilmişdi.
Fəalın şikayətinə baxan Tehran vilayəti apellyasiya məhkəməsinin 36-cı şöbəsi daha sonra onun cəzasını 5 il həbs cəzasına dəyişdirib.
Əsgər Fərəcini məhkəmədə müdafiə edən vəkil Sina Yusufinin 2022-ci ildə öz X hesabında yazdığına görə, “müttəhimin öz gündəliyini latın qrafikası ilə türkcə yazması” məhkəmədə ona qarşı dəlil hesab edilib. Yusufi həmçinin Fərəcinin dil hüquqları sahəsində göstərdiyi fəaliyyətləri səbəbilə məhkum olduğunu yazıb.