"Toplum Tv" və "Abzas Media" ilə bağlı dindirilmələr davam edir

Toğrul Vəliyev

Aprelin 27-də iqtisadçı Toğrul Vəliyev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) "Abzas Media" ilə bağlı dindirilməyə çağırılıb. 3 saat davam edən dindirilmədən sonra iqtisadçı sərbəst buraxılıb. Vəliyev Amerikanın Səsinə ona qarşı heç bir fiziki və psixoloji zorakılıq olmadığını, idarədə onunla bağlı materiallara dair dəqiqləşdirmə aparıldığını bildirib.

Aprelin 27-də jurnalist Cavid Ramazanov isə "Toplum TV işi" üzrə BŞBPİ-nə aparılıb. "Toplum TV"nin əməkdaşının səhər saatlarında yoldan polisə aparıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanovun məlumatına görə, Cavid Ramazanov istintaq orqanına dəvət olunub:

"Cinayət işi üzrə istintaqa dəvət olunub. Suallar var, həmin suallar aydınlaşdırılır. Onun barəsində həbs növündə olmayan digər qətimkan var. İstintaq çərçivəsində dəvət olunub".

Cavid Ramazanov 4 saat dindirilmədən sonra BŞBPİ-dən sərbəst buraxıldığını deyib:

"Müstəntiq tərəfindən dindirildim. Bəzi suallar verdilər, "Toplum Tv"də fəaliyyətimlə bağlı soruşdular. Təzyiq olmadı, mədəni bir mühitdə keçdi. Mənim heç kimdən gizli fəaliyyətim olmayıb, açıq fəaliyyət göstərmişəm. Yenidən çağırılacağımı bilmirəm. Bakı Şəhər Baş Polis İdarəsinə aparılanda düşündüm ki, həbs olundum, çünki dəvət olunmalıyam".

"Toplum TV" ilə bağlı nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin "III Respublika" Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Tolpum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin "III Respublika" Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və "III Respublika" Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda "Abzas Media" işi üzrə "Meclis.info" saytının rəhbəri İmran Əliyev də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

Aprelin 26-da İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Aprelin 24-də və 25-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılan "Sosial Hüquqlar Mərkəzi"nin əməkdaşları Ayşən Muradova və Qədir Qədirli dindirildikdən sonra sərbəst buraxılıblar.

Hər ikisi də BŞBPİ-də fiziki və psixoloji təzyiqə məruz qalmadıqlarını bildiriblər. Ayşən Muradova deyir ki, o, "Abzas Media" iş üzrə polisə ifadə verib, lakin istintaq sirri olduğu üçün suallar barədə ətraflı məlumat verə bilməz.

Aprelin 17-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində jurnalist Mina Əlyarlı, aprelin 16-da İnarə Hünbətova, aprelin 17-də isə Şəms Hacıyeva da dindiriliblər.

Aprelin 10-da isə jurnalist İsmayıl Tağıyev də "Abzas Media işi" üzrə dindirilməyə çağırılıb, daha sonra sərbəst buraxılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.